Accessibility links

Amerikanın Azərbaycandakı səfiri Naxçıvana səfər edib


Amerikanın Azərbaycandakı səfiri Naxçıvana səfər edib
Amerikanın Azərbaycandakı səfiri Naxçıvana səfər edib

Amerika səfiri rəsmilərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb, həmçinin ABŞ-ın Energetika Departamentinin maliyyələşdirdiyi layihənin əhatə etdiyi sərhəd keçid məntəqəsində inkişafı nəzərdən keçirmək üçün Sədərək rayonuna gedib.

Bu gün Səfir Metyu Brayzanın Naxçıvan Muxtar Respublikasına iki günlük səfəri başa çatıb. Səfir rəsmilərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb, həmçinin ABŞ-ın Energetika Departamentinin maliyyələşdirdiyi layihənin əhatə etdiyi sərhəd keçid məntəqəsində inkişafı nəzərdən keçirmək üçün Sədərək rayonuna gedib. Xəbəri Amerikanın Azərbaycandakı səfirliyi yayıb.

“Naxçıvan müasir Azərbaycanda çox mühüm rol oynayır. Ali Məclisin sədri Vasif Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli və vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparmaq, o cümlədən Muxtar Respublikanın qədim tarixi barədə daha dərin biliklər əldə etmək çox faydalı oldu. Biz naxçıvanlılarla, arxeologiya da daxil olmaqla bir sıra məsələlər, sərhəd təhlükəsizliyi, demokratiyanın gücləndirilməsi və təhsillə bağlı layihələrdə əməkdaşlıq edirik və bu əməkdaşlığı genişləndirməyi düşünürük”, - deyə səfir səfərinin yekunları ilə bağlı bildirib.

Bakıdan kənar ilk rəsmi səfəri çərçivəsində, səfir Brayza Avropa Parlamenti, beynəlxalq arxeoloji qurumlar və vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına, eləcə də, o zaman cənab Brayzanın Azərbaycanın yüksək səviyyəli rəsmilərinə narahatçılığını ifadə etməsinə səbəb olmuş, 2005-ci ildə erməni xaçkarlarının (qəbir daşları) məhv edilməsi məsələsini araşdırmaq məqsədilə Culfaya səfər etmək niyyətində idi.

Məlumatda deyilir ki, səfirin Culfaya səfəri barədə müraciəti qəbul edilməyib. Lakin Naxçıvandakı rəsmilər Culfadakı xaçkarlarla əlaqədar məsələni səfir Brayza ilə ətraflı müzakirə edib və gələcək aylarda onunla əməkdaşlıq edərək Culfa qəbiristanlığına baş çəkiləcəyinə vəd veriblər.

“Səfir kimi Azərbaycana gəlməzdən öncə Vaşinqtonda vəd etdiyim kimi, mən, Culfada baş verənləri araşdırmaq üçün Naxçıvana getdim. Qəbiristanlığın dağıdılması barədə məlumat aldığım zaman bildirdiyim kimi, mədəni irsin, xüsusən də qəbiristanlığın məhvi, harada baş verdiyindən asılı olmayaraq, faciədir. ABŞ bütün tərəfləri bu cür yerlərə hörmətlə yanaşmağa və bu yerlərin qorunması üçün əməkdaşlıq etməyə səsləyir”, - deyə səfir Brayza bildirib.

Səfirin fikrincə, Qafqaz bir çox mədəni sərvətlərin, bu gözəl bölgəyə məxsus müxtəlif etiqadlar, ənənə və dəyərlərin məskənidir. “Mən, Tbilisidə erməni kilsələri, həmçinin Şuşa və Ağdamda Azərbaycan məscidlərinin qorunmasında fəal iştirak etmişəm. Bu mədəni və dini abidələrin qorunması böyük bəşəri əhəmiyyət daşıyır. Bu isə öz növbəsində bütün siyasi, mədəni və dini fərqlərin fövqündədir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG