Accessibility links

Amerikalılar COVID-19 peyvəndinin təsdiqini gözləyirlər


Amerikalılar Ərzaq və Dərman İdarəsinin (FDA) Pfizer və BioNTech şirkətləri tərəfindən hazırlanan koronavirus peyvəndini təsdiqləməsini gözləyirlər.

İdarənin peyvəndin təcili istifadəsinə icazəni böyük ehtimalla cümə və ya şənbə günü təsdiqləyəcəyi gözlənilir. Belə ki, cümə axçamı agentliyin xüsusi bir heyəti vaksindən istifadəni təsdiqləyib.

ABŞ-ın əczaçılıq nəhəngi Pfizer və Almaniyanın BioNTech şirkəti tərəfindən hazırlanan COVID-19 peyvəndinin 95% təsirli olduğu bildirilir.

Qərar bu gün ABŞ-da ölüm hallarının rekord səviyyəyə çatdığı bir vaxtda veriləcək. Cons Hopkins Universitetinin məlumatlarına görə, 10 dekabr tarixində axşama qədər ABŞ-da ümumi yoluxmaların sayı 15,5 milyona çatıb. Həyatını itirənlərin ümumi sayı isə 291 mindən çoxdur.

FDA-in peyvəndi nəzərdən keçirən panelindəki 22 nümayəndədən 17-si təcili istifadə üçün lehinə səs versə də dördü peyvəndə'"yox" deyib, biri isə bitərəf qalaraq belə bir sual verib: "Mövcud elmi dəlillərə əsaslanaraq onu demək olamı ki, Pfizer / BioNTech peyvəndinin faydaları 16 yaş və daha yuxarı fərdlərdə istifadə risklərini üstələyir?"

Vaksindən istifadənin əleyhinə səs verən dörd panelist peyvəndin 16 və 17 yaşlı gənclərə tətbiq olunmasından narahat olduqlarını dilə gətiriblər. Sınaq zamanı 18 yaşından aşağı gənclərdən ibarət kiçik bir qrupa peyvənd tətbiq olunub. Bu da müzakirələrə səbəb olub. Bəzi alimlər bu yaş qrupuna təsirlərin kifayət qədər bilinmədiyindən narahatlığını ifadə edib.

Sözügedən peyvənd bu həftə Britaniyada allergik reaksiyalar kimi yan təsirləri ilə bağlı saatlarla müzakirə edildikdən sonra təsdiqlənib.

FDA panelinin tövsiyəsi yeni seçilmiş prezident Co Bayden tərəfindən alqışlanıb. Bayden cümə günü axşam yayımladığı açıqlamada bildirib ki,"FDA-in Məşvərət Komitəsinin Pfizer-BioNTech peyvəndi üçün təcili istifadəyə icazəsi verilməsinə dair bugünkü tövsiyəsi, lazımsız qaranlıq vaxtda parlaq bir işıqdır".

Açıqlamada həmçinin peyvənd üzərində işləyən alimlərə və digərlərinə təşəkkür olaraq bildirirlir ki, "Elmin bütövlüyü bizi bu nöqtəyə gətirib çıxardı."

Peyvənd təsdiqlənərsə ABŞ höküməti dərhal 6,4 milyon dozanı ölkə daxilində paylamağa başlayacaq və ilkin olaraq birinci dərəcəli prioritetli səhiyyə işçilərinə tətbiq ediləcək.

Təsdiqdən sonra ABŞ ordusu da özünün səhiyyə işçilərinə tətbiq olunması üçün təximən 44 min dozaya yaxın peyvənd alacaq.

Pentaqon sözçüsü çərşənbə günü jurnalistlərə verdiyi açıqlamada bildirib ki, FDA-in təcili istifadə icazəsi təsdiqlədikdən sonra ordu "bir-iki gün ərzində" peyvəndin tətbiqinə başlayacaq. Peyvəndlər əvvəlcə könüllü olsa da, tam lisenziya aldıqdan sonra məcburi ola bilər.

XS
SM
MD
LG