Amerikada bir həftə ərzində 3 yerdə kütləvi qırğın olub – bazar günü Ohayo ştatının Dayton şəhərində 9 nəfər, şənbə günü Texasın El-Paso şəhərində 20 nəfər, iyulun 28-də isə Kaliforniyanın Gilrou şəhərində 3 nəfər. Hücumların hər üçündə yaralananlar var və onların bəzilərinin vəziyyəti ağırdır.
Birləşmiş Ştatlar prezidenti Donald Tramp Tweeter səhifəsində Texasın Walmart mərkəzindəki silahlı hücumun faciə və qorxaqlıq olduğunu yazıb. Demokrat Nensi Pelosi və sabiq vitse-prezident Co Bayden zorakılıqların qarşısının alınması üçün addımlar atılmalı olduğunu deyib.
Matəm içində olan El-Paso baş verənlərə cavab axtardığı bir vaxt, digər bir silahlı hücum Ohayonu dəhşətə gətirdi. “Qorxu içərisindəki insanlar basırıqda qışqıraraq, xilas olmağa çalışırdı - deyə, şahid Entoni Reynold bildirir.
Rəsmilər polisin bir dəqiqədən az bir müddətdə cavab atəşi açaraq, hücumçunu öldürdyünü və çox sayda insanın həyatını xilas etdiyini deyir. Hücumçunun öz bacısı da ölənlər arasındadır. Dayton şəhərinin meri Nan Ualey: “Fövqəladə hallar işçilərinin cəsarəti və qabiliyyətləri məni hər səhər işə getməyə ruhlandıran əsas xüsusiyyətlərdir.”
Keçən bazar günü silahlı şəxsin Kaliforniyanın Gilrou şəhərində özünü öldürməsindən öncə üç nəfəri qətlə yetirib, ondan çox insanı yaralaması ölkədə şok yaratmışdı.
Kaliforniya və Ohayo ştatlarındakı silahlı hücumların səbəbi məlum deyil. Lakin rəsmilərin dediyinə görə, Meksika ilə Birləşmiş Ştatların sərhədində yerləşən Texas ştatındakı hücumda hədəf çox guman ki, ispandillilər olub. El-Paso şəhərinin polis rəisi Qreq Allen: “Hazırda bu hücumun nifrət zəminində olduğu barədə məlumatımız var. Federal Təhqiqat Bürosu bu işlə digər federal orqanlarla birgə çalışır.”
Əqli xəstəliklər, odlu silahla hücum və ekstremizm Birləşmiş Ştatlarda demək olar ki, hər gün baş verən kütləvi hücumların əsas səbəbləridir. Kütləvi hücumlar prezident seçki kampaniyasının diqqət mərkəzindədir. Prezidentliyə Demokrat namizəd Beto O`Rourke: “Bəli, bu silah qanunudur. Bu, universal qaydad keçmişin yoxlanmasıdır. Bəli, biz odlu silahların bizim icmalarda satışını dayandırmalıyıq. Lakin biz eyni zamanda mənim əvvəlllər həyatımda heç vaxt görmədiyim nifrətə qarşı çıxmalıyıq.”
El-Paso sakinləri yaralılara qan vermək üçün növbələrdə dayandıqları bir vaxt, bu şəhərdə öldürülən 20, Daytonda isə öldürülən 9 nəfərin dəfn mərasimlərinə hazırlıqlar gedir.