ABŞ Azərbaycan, Türkmənistan və Qazaxıstanın Xəzərdə öz hərbi-dəniz qüvvələrini formalaşdırması və möhkəmləndirməsi üçün bu ölkələrə yardımını davam etdirəcək. Dövlət Departamentinin dərc etdiyi hesabatdan belə nəticəyə gəlmək olur. Bu barədə Turan Agentliyi Eurasinet-ə istinadən bildirir.
Bundan əvvəl Obama administrasiyası Qafqaza və Orta Asiyaya hərbi yardımın təxminən 8% - ötən ildəki 36,7 milyondan 34 milyona kimi azaldılmasını təklif edib. Bu məbləğin yarıdan çoxu - 18 milyon dollar Gürcüstana ayrılacaq. Qalan vəsaitin təyinatı isə indiyədək məlum deyil. Regiona hərbi yardıma dair planı nəzərdən keçirsək, Dövlət Departamentinin Xəzərə çıxışı olan ölkələrdə donanmanın inkişafına diqqəti yönəltdiyini görmək çətin deyil.
Azərbaycan, Türkmənistan və Qazaxıstan neft pullarının sayəsində zənginləşir və öz yatırımlarını qorumaq istəyirlər. ABŞ “Xəzər keşikçisi” təşəbbüsünü həyata keçirərək bu ölkələrə hərbi-dəniz layihələri ilə yardım göstərib. “ABŞ Azərbaycanın dəniz potensialının inkişafına yardım göstərmək və Xəzər dənizinin zəngin resurslarının təhlükəsizliyinə öz töhfəsini vermək üçün ölkəyə əvvəlki tək yardım göstərəcək. Birləşmiş Ştatlar Xəzərdə təhlükəsizliyin artırılması, hərbi təhsilin inkişafı, birgə sülhyaratma əməliyyatlarında iştirak imkanlarının genişləndirilməsi və NATO ilə operativ uzlaşmaya doğru irəliləyişə yardım məqsədilə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə işini davam etdirəcək”, - deyə hesabatda qeyd edilir.
Türkmənistana yardım ölkənin hərbi-dəniz potensialının möhkəmləndirilməsinə yönəldiləcək bu da Xəzər dənizində təhlükəsizliyə xidmət edəcək. Xarici hərbi maliyyələşdirmə proqramının hesabına həmçinin ölkə daxilində ingilis dilində hazırlığın keçirilməsi imkanları artırılacaq. Xarici hərbi personalın təlim və tədris proqramı çərçivəsində mübadilə proqramları ingilis dilinin və donanmanın idarə edilməsinin əsaslarının öyrənilməsinə yönəldiləcək. Proqramın vəsaiti Türkmənistanda hərbi-dəniz qüvvələrinin inkişafına yardım edəcək, Xəzər dənizində təhlükəsizliyi möhkəmləndirəcək. Qazaxıstan üçün əsas prioritet “Hyui- 2” vertolyotunun modernləşdirilməsi olacaq. Bu, mühüm enerji infrastrukturu obyektlərinin qorunması, Qazaxıstanda və Xəzərdə təhdidlərə reaksiya verilməsi üzrə ölkə hərbçilərinin imkanlarını artıracaq.
Xatırladaq ki, “Xəzər keşikçisi” layihəsi 2005-ci ilin avqustunda başlayıb. Altı il ərzində Pentaqon 130 mln. dollar dəyəri olan bu proqramı həyata keçirib. Proqram Xəzər regionunda təhlükəsizliyin gücləndirilməsi tədbirlərini nəzərdə tutur.
Proqramda məqsəd Xəzərdə keşik çəkmənin yaxşılaşdırılması və sərhəddin terrorçu, silah və narkotik maddə axınından qorunmasıdır. “Xəzər keşikçisi” layihəsi çərçivəsində Avropa komandanlığının xüsusi bölmələri azərbaycanlı dənizçilərə terrorizmə qarşı mübarizə, Xəzər vasitəsilə narkotiklərin və silahın qanunsuz daşınması üzrə təlim keçiblər. Sonradan təlimə Sərhəd Xidmətinin əməkdaşları da qatılıblar. Amerika KİV-in məlumatına görə, Azərbaycanda və Qazaxıstanda komanda-qərargah mərkəzlərinin, həmçinin lokator stansiyalarının (hava və dəniz məkanında hərəkətə nəzarət üzrə radarlar) yaradılması planlaşdırılıb. Bütün bu infrastruktur dənizdə neft-qaz yataqlarının və boru kəmərlərinin təhlükəsizliyinin təminatına yönəldilib. Vaşinqtonun təşəbbüsünə cavab olaraq Moskva Xəzərdə sahilyanı ölkələrin birgə HDQ qruplaşmasını - “Kasfor”u yaradılmasını təklif edib. Rusiyanın o zamankı müdafiə naziri Sergey İvanovun sözlərinə görə, birgə sərhəd qoşunları bölmələri və xüsusi təyinatlı dəstə “Xəzərdə real təhlükəyə və təhlükəli vəziyyətlərə” qarşı mübarizə apara bilərdi. Lakin Bakı və digər ölkələr faktiki olaraq bu ideyanı dəstəkləməyiblər.