Accessibility links

Səfir Ros Vilson:" WikiLeaks çox düşünülməmiş bir iş görüb."


Səfir Ros Vilson:" WikiLeaks çox düşünülməmiş bir iş görüb."
Səfir Ros Vilson:" WikiLeaks çox düşünülməmiş bir iş görüb."

ABŞ-ın Türkiyə və Azərbaycanda səfiri Ros Vilson Amerikanın səsinin türk xidmətinin suallarını cavablandırıb

ABŞ-ın Azərbaycanda və Türkiyədə keçmiş səfiri Ros Vilson WikiLeaks saytında ABŞ-ın məxfi diplomatik sənədlərinin açıqlanması ilə bağlı Amerikanın səsinin Türk xidmətinin suallarını cavablandırıb.

O, məxfi diplomatik teleqramların kim tərəfindən yazıldığı, kimlər tərəfindən oxunduğu və bunun nə məqsədlə edildiyini şərh edib.

“Səfirliklər bir çox funksiyanı yerinə yetirir. Yerləşdiyimiz ölkədə istər xarici siyasət məsələləri, istərsə də daxili vəziyyətlə bağlı təhlillər haqda məlumat vermək bu funksiyalardan birini təşkil edir. Bizim səfirliklərdə siyasi, iqtisadi və başqa məsələlər üzrə məsul işçilərimiz var. Onlar mətbuatda diqqətlə oxuduqları məqalələr, diqqətlə izlədikləri hadisələr və bir çox adamlarla müxtəlif mövzular ətrafında apardıqları söhbətlər əsasında hesabatlar yazır. Onlar hesabatları hazırlayır, Vaşinqtona göndərir və bu hesabatları Dövlət Departamentində orta və aşağı səviyyədə təhlilçilərdən tutmuş, mövzudan asılı olaraq hətta ən yuxarı səviyyəyə qədər müxtəlif insanlar oxuyur.”

Səfir Ros Vilson bəzi ölkələrin rəsmilərinin hesabatları dedi-qodu kimi qiymətləndirməsinə öz münasibətini bildirib.

“WikiLeaks-də təəssüf də olsa yerləşdirilmiş bir-iki material əsasında bütünlüklə mühakimə irəli sürəndə ehtiyatlı olmaq lazımdır. Bizim gördüyümüz işin orada dəqiqliklkə əks etdirildiyinə əmin deyiləm. Hesabatlar həmişə hər hansı bir məsələ, ya da hadisənin əhatəli mənzərəsini vermək məqsədi güdmür. Səfirlik işçiləri müxtəlif insanlarla söhbətlər aparır. Onlar mənbənin kim olduğundan və məlumatın neçə mənbədən alındığından asılı olaraq, etibarlı görünən məlumatları etibarlı olmayanlardan ayırmağa çalışır. Onlar nə eşidirlərsə, o haqda məlumat verirlər. Bundan sonra Vaşinqtonda daha geniş məlumatlarla tanış olmaq imkanı olan insanlar ümumi bir mənzərə yaratmaq və siyasətçilərə tövsiyələr vermək məqsədilə bu məlumatları nəzərdən keçirir.”

Səfir Ros Vilson WikiLeaks-ə qarşı məhkəmə işi açmaq üçün hüquqi əsaslar barədə də fikirlərini söyləyib.

“Birləşmiş Ştatlar xəbər verildiyi kimi məlumatları ötürmüş, WikiLeaks-dən məlumatların sızmasına səbəb olmuş hərbi qüvvələrdə xidmət edən bir şəxsin, yada bir neçə adamın ədalət məhkəməsi qarşısına çıxarılmasında maraqlı olduğunu bildirib. Bu, səylər fikrimcə mühümdür. Bu, Amerikanın milli təhlükəsizliyinə böyük zərbədir və işə də bu əsaslardan yanaşılmalıdır. Cənab Assanc, ya da onunla əlbir olanlara qarşı burada ittiham irəli sürülməsinin mümkünlüyü barədə danışıqlar gedir. Amma bizim hüquqi sistemimizdə bunu etmək çox çətin olacaq. Hətta qeyri-mümkün olacaq. Hüquqi qaydada bu teleqramları yazanlara qarşı iş qaldırmaq haqda söhbətlər isə mənasızdır. Diplomatlar məlum səbəblərə görə diplomatik toxunulmazlığa malikdir. Bu hesabatlar heç bir zaman dərc edilməmək məqsədilə yazılır. Özü də bu günkü vaxt çərçivəsində ictimaiyyətə açıqlanmamaq məqsədilə. Bu söhbətlərə gəldikdə, dünyada məsələr bu yolla həll edilmir.”

Səfir Ros Vilson sənədlərin açıqlanmasının Amerika diplomatiyası, beynəlxalq ictimaiyyət və hətta bəzi ölkələrdə daxili siyasi vəziyyətə mənfi təsir göstərəcəyini düşündüyünü bildirir.

“İndi bundan sonra nə olacaq. Bizimlə söhbət edən, açıq danışan insanlar özlərinə sual verə bilər ki, mənim dediklərimim üstündə mənim adım yazılıb, ictimiayyətə açıqlanacaqmı və mən bundan sonra özümü necə hissə etməliyəm. Bütün dünyada siyasi liderlər və diplomatlar bu işlərə regionlarda və beynəlxalq miqyasda mühüm məsələlərdən daha çox diqqət ayırır. Bu isə yaxşı hal deyil. Amerika diplomatları indi işlərə başqa cür baxırlar və bu da işə zərər vurur. Buna görə də WikiLeaks ədalət qarşısına çıxarılmalıdır və fikrimcə, WikiLeaks çox düşünülməmiş bir iş görüb.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG