Accessibility links

Azərbaycana qaytarılmamaq üçün özlərini öldürürlər


“On gün ərzində artıq üçüncü mühacir Almaniyada intihara cəhd edib”.

Bunu “Turan” Agentliyinə hazırda Almaniyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyib.

Onun sözlərinə görə, bu intiharlara mühacirlər əsasən Azərbaycana deportasiya edilməmələrindən ötrü əl atır.

Onun sözlərinə görə, sonuncu belə hadisə bir neçə gün əvvəl Almaniyanın Deggendorf şəhərində baş verib.

Əlövsət Əliyevin vurğulamasına görə, şəhərin qaçqın düşərgəsində qalan Humay Məmmədova digər ölkəyə deportasiya olunmamaqdan ötrü dərman içməklə özünə qəsd edib:

“O, 15 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. 40 yaşlı, səhhətində ciddi problemlər olan qadının 9 yaşlı qızı qalıb. Digər şəhərlərdə ruhi-əsəb xəstəlikləri dispanserində Azərbaycandan gedən iki xanım müalicə olunurlar. Onları da digər ölkəyə deportasiya etməli idilər və onlar intihara əl atıb”.

Əlövsət Əliyev qeyd edib ki, son 3 ayda Dublin sazişinin tələblərindən yayınmaqdan ötrü Azərbaycandan gedən 7 adam özünə qəsd edib:

“Dublin sazişinə görə, mühacir birinci növbədə viza aldığı ölkəyə getməlidir və qaçqın statusu üçün orada müraciət etməlidir. Azərbaycandan Almaniyaya gələn vətəndaşların əksəriyyəti isə digər ölkələrin vizaları ilə gəlir. Bakıda fəaliyyət göstərən turizm şirkətləri bəzi vətəndaşları aldadaraq bir ölkənin vizası ilə “qaçqın statusunu alarsız” deyib başqa ölkəyə göndərirlər. Sonra isə həmin şəxslərin qaytarılma prosesi başlayır. Almaniya höküməti görəndə ki, gələnin sənədləri saxtadır və onu ölkəsində təhlükə gözləmir, dərhal həmin adamı geri göndərir. Bəzi insanlar bundan özünü qorumaq üçün intihara əl atır”.

Hüquqşünas əlavə edib ki, Almaniyada həqiqətən də sağlamlığında ciddi problemlər olan şəxslər var və onlar hesab edirlər ki, Azərbaycana qayıtmaq onlara ölümə bərabərdir.

Bu məsələlələrə, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.Ancaq bir müddət öncə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdi ki, mühacirlər vətənlərinə dönə bilərlər:

“Əgər kimsə özünün günahsızlığına əmindirsə, hansısa qanunsuz əməldə iştirak etməyibsə, ölkəsinə sərbəst gələ bilər. Yenə də deyirəm ki, hər hansı bir təhlükə yoxdur”.

Dublin sazişinin əsası 1990-cı ildə qoyulub. Sonradan ona bəzi əlavələr edilib. 2017-ci ild Avropa İnsan Hüquqları Məhkəməsi də bu sazişi dəstəkləyib.

Sazişin başlıca məqsədi Avropa İttifaqı ölkələrində qaçqın statusundan ötrü müraciət etmiş şəxsin müraciətinə vahid qaydada baxılmasını təmin etməkdir.

Habelə, ölkələr arasında məlumat mübadiləsinin daha effektli aparılması, sığınacaq axtaran şəxslərin hüquq və azadlıqlarının qorunması, eyni zamanda, qanunsuz miqrasiyaya ilə daha effektli mübarizənin təmin edilməsi də bura daxildir.

XS
SM
MD
LG