Accessibility links

Güneyli siyasi məhbus Əlirza Fərşi göz əməliyyatı keçirib


Əlirza Fərşi
Əlirza Fərşi

Tanınmış siyasi məhbus Əlirza Fərşinin müalicəsi və göz əməliyyatı üçün tibbi məzuniyyəti uzadılıb. Fərşi yanvarın 27-də Tehranın "Bina" xəstəxanasında göz əməliyyatı keçirib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Böyük Tehran Həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşi yanvarın 26-da müalicə olunması ilə bağlı tibbi sənədləri Baharistan Ümumi və İnqilab Prokurorluğunun Hökmlərin İcra bölməsinə təqdim edib və fəalın tibbi məzuniyyəti bir həftə uzadılıb.

Həbsdə olduğu zamandan bəri qan şəkərinin yüksəlməsi, sol göz infeksiyası və sağ əlində uyuşma kimi xəstəliklərdən əziyyət çəkən siyasi məhbus Əlirza Fərşi müalicə olunmaq üçün yanvar ayının 9-dan etibarən Böyük Tehran Həbsxanasından 600 milyon tümənlik girov müqabilində 18 gün müddətinə məzuniyyətə buraxılıb.

Türk dili haqları üzrə dinc fəaliyyətlərindən dolayı həbs edilən Əlirza Fərşi 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyi üçün saxlanılıb və məhkəmə tərəfindən 2 il həbs cəzasına məhkum olunub.

Güneyli milli fəal Əlirza Fərşi ötən ilin yanvar ayında həbsdə olduğu zaman ona qarşı açılan yeni bir dosyedə "milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq" ittihamı ilə 3 il 6 ay və "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə də 8 ay həbs cəzasına məhkum edilib.

Məhkəmə həbs cəzasına əlavə olaraq, Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.

XS
SM
MD
LG