Accessibility links

Alimenti ödəyə bilməyənlər...


körpə
körpə

Dünən, noyabrın 24-də Azərbaycanda borclu şəxs qismində axtarılan 59 nəfər saxlanaraq (ümumilikdə 76 nəfər saxlanıb) aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyi hər gün axtarışda olub saxlanan şəxslərlə bağlı məlumat verir. Həmin məlumatlarla tanışlıqdan bəlli olur ki, saxlananların böyük bir hissəsi borca görə axtarışa verilənlərdir. Həmin şəxslərin əksəriyyətinin isə alimentə görə borclu qaldığı bildirilir.

"244 borclu barəsində cinayət işi başlanılıb"

Ədliyyə Nazirliyindən "Turan"a verilən məlumata görə, bu il aliment tələbləri üzrə 60 minə yaxın icra işinin hər ay tamlıqla tutulması təmin edilib: "Aliment işləri üzrə 37 milyon manata yaxın vəsait ödətdirilib. 2021-ci ildə icradan yayınma hallarına yol verən 2800 şəxs inzibati məsuliyyətə cəlb olunub. 244 borclu barəsində cinayət işi başlanılıb. İcradan qərəzli yayınan 1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Məhkəmə qərarını icra etmiş 1245 nəfərin üzərindən isə belə məhdudiyyətlər götürülüb".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə "Turan"a bildirilib ki, hazırda, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da alimentin ödənilməməsi aktual problem olaraq qalmaqdadır: "Borclu olan tərəflər bir çox hallarda aylıq gəlirlərinin aşağı olması səbəbindən aliment ödəyə bilmədiklərini bildirirlər. Bəzi hallarda isə yenidən nikaha daxil olduqları üçün xərclərinin artmasını əsas gətirirlər. Ancaq komitəyə daxil olan müraciətlər əsasında aliment borcunun qəsdən ödənilməməsi halları da aşkarlanır. Bu halda aidiyyəti quruma məlumat verilir".

"Mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulur"

Komitədən vurğulanıb ki, 2011-ci ildə alimentlərin ödənməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac var. "Hazırda komitə tərəfindən "Azərbaycan Respublikasının 2021-2030-cu illər üzrə Ailə Strategiyası"nın layihəsi hazırlanır ki, həmin layihədə alimentin ödənilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulur".

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, əgər nikah pozulubsa, uşağın qaldığı valideyn digər valideyndən pul, yəni aliment tələb edə bilər: "Qanuna görə, aliment uşaqların sayına əsasən digər valideynin qazancından və digər gəlirlərindən tutulur. Bir uşaqdırsa, qazancının 1/4 hissəsi, iki uşaqdırsa, 1/3 hissəsi, üç və ya daha çox uşaqdırsa, valideynin qazancının 1/2 hissəsi tutulur".

"Azərbaycanda aliment ən ağır problemlərdən biridir"

Vəkil deyir ki, Azərbaycanda işsiz və qazanc göstərə bilməyən valideynlər var: "O zaman məhkəmə hər uşaq üçün sabit məbləğdə, yaşayış minimumu miqdarında alimentin tutulması ilə bağlı qərar verə bilər. Sonra isə qətnamə dərhal icra yönəldirilir".

Zibeydə Sadıqovanın sözlərinə görə, Azərbaycanda aliment ən ağır problemlərdən biridir: "Müraciət edən qadınların əksəriyyəti alimentin ödənilməməsindən şikayət edirlər".

Vəkil vurğulayıb ki, alimentin ödənilməməsi problemi valideynlərin əksəriyyəti işsiz olduğuna görə yaranır: "Qanunvericilik bunu tənzimləməlidir və Aliment Fondu yaradılmalıdır".

XS
SM
MD
LG