Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində sosial-iqtisadi böhran, siyasi situasiya, qarşıda duran vəzifələr, müxalifətin böhrana baxışı və iqtidarın məsuliyyətindən danışıb.
Amerikanın Səsi: Ölkədəki mövcud durum sosial-siyasi gərginliyə yol aça bilərmi? Hökumətin apardığı siyasət vəzıyyəti müsbət məcraya yönəldə biləcəkmi?
Sosial böhran siyasi böhrana da keçəcək.
Əli Kərimli: Çox təəssüf ki, ölkədə sosial-iqtisadi böhran günü-gündən dərinləşir. Hökumət heç bir adekvat addım atmır, hökumətin atdığı adımın heç biri hədəfinə yetişə bilmir. Faktiki olaraq hökumət böhranın qarşısında acizdir. Bu baxımdan əlbəttə, bu sosial böhran siyasi böhrana da keçəcək. Əslində indiyədək keçərdi, əgər Azərbaycan cəmiyyətində qorxu güclü olmasa idi. Bu gün qorxu güclü olduğuna görə, hələlik o siyasi narazılıqlar ifadə olunmur. Amma, Azərbaycan hökuməti öz legitimliyini hər gün itirir. Mən yazılarımın birində yazmışdım ki, manatla birgə Azərbaycan hakimiyyəti də devalvasiyaya məruz qalır. Çünki Azərbaycan xalqı görür ki, onun hökuməti nə qədər acizdir və yalnız öz maraqlarını düşünür. Xalqı bu böhrandan çıxarmaqdan ötrü heç bir təsirli tədbir görmür.
Amerikanın Səsi: Bu durumdan çıxmaq üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasının proqramı varmı? Təklifləriniz nədir?
Qısaca deyə bilərəm ki, söhbət birmənalı şəkildə və inzibati yolla korrupsiyanı, inhisarı durdurmaqdan gedirdi.
Əli Kərimli: Bəli, mən dekabrın sonlarında yazdım. Həm sosial şəbəkələrdə, həm mətbuatda xalqa elan etdim, hakimiyyətə də təqdim olundu mənim təkliflərim. Mənim təkliflərimin mahiyyəti on təklifdən ibarət idi. Qısaca deyə bilərəm ki, söhbət birmənalı şəkildə və inzibati yolla korrupsiyanı, inhisarı durdurmaqdan gedirdi. Dövlət monopoliyasında olan şirkətlərin mal və məhsullarının qiymətinin artmamasından, sosial məşəqqətli təbəqələrə yardımların verilməsindən, yerli istehsalın stimullaşdırılmasından, sahibkarlığın dəstəklənməsindən, kənd təsərrüfatının üstün, prioritet qaydada inkişafından, ölkənin yerli və xarici sərmayələr üçün açılmasından və nəhayət ölkədə çox ciddi siyasi islahatların başlanmasından söhbət gedirdi. Əgər bu təkliflər kompleks şəkildə həyata keçirilərsə əlbəttə ki, böhrandan çıxmaq olar. Hətta, bu yaranmış vəziyyəti ölkənin yeni mütərəqqi iqtisadiyyatının qurulması üçün istifadə etmək olar.
Amerikanın Səsi: Ölkədə təhlükəli böhranlı vəziyyət yaranarsa sizin addımlarınız necə olacaq?
Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqı bu böhran şəraitində mütəşəkkil, təşkil olunmuş qaydada hərəkət etsin, ölkədə heç bir xaosa imkan yaradılmasın.
Əli Kərimli: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqı bu böhran şəraitində mütəşəkkil, təşkil olunmuş qaydada hərəkət etsin, ölkədə heç bir xaosa imkan yaradılmasın, yaranan siyasi böhran qeyri-qanuni müstəviyə keçməsin və bundan ötrü həm Xalq Cəbhəsi Partiyası, həm Milli Şura əlindən gələni edəcək ki, ölkədə yaranmış vəziyyətə yönəlmiş etirazlar istisnasız olaraq dinc mübarizə çərçivəsində həyata keçirilsin.
Amerikanın Səsi: Son dövrlər ictimai fikri, o cümlədən sosial şəbəkələrdə iqtidara və müxalifətə münasibəti necə müqayisə edərdiniz?
Xalq necə od püskürür, ilin-günün bu vaxtında hökumət hər şeyi edir ki, korrupsionerlər, oliqarxlar daha çox qazansın, amma xalqın, sadə insanların taleyini düşünən yoxdur. Xalq bundan çox hiddətlidir, Azərbaycan hökumətinin bundan xəbəri olmalıdır.
Əli Kərimli: İctimai fikir çox sürətlə dəyişir. Sosial şəbəkələr yeri gəlmişkən, bu gün Azərbaycan cəmiyyətinin aynasıdır. Çünki, Azərbaycanda real həyat yoxdur. Demək olar ki, Azərbaycan böyük bir həbsxanaya çevrilib. Ona görə insanların fikir azadlığı yoxdur. Amma, sosial şəbəkələrdə milyonlarla insan fikrini ifadə edir və Azərbaycan hökumətinin siyasətindən hədsiz narazılıq var. Azərbaycan müxalifətinin təkliflərinə böyük maraq var. İnsanlar böyük bir dəyişikliyə kökləniblər. Hal-hazırda bunu deyə bilərəm. Əslində gərək, hökumət də belə məqamlardan istifadə etsin, sosial şəbəkələri monitorinq etsin. Monitorinq edirlər, amma nədən ötrü? Çox sərt tənqidi yazan adamları şərləsinlər, böhtanla onları həbs etsinlər, uzaqlaşdırsınlar. Amma, bu monitorinq ona yönəlməlidir ki, xalq nə düşünür? O cümlədən, hökumət haqqında nə düşünür. Xalq necə od püskürür, ilin-günün bu vaxtında hökumət hər şeyi edir ki, korrupsionerlər, oliqarxlar daha çox qazansın, amma xalqın, sadə insanların taleyini düşünən yoxdur. Xalq bundan çox hiddətlidir, Azərbaycan hökumətinin bundan xəbəri olmalıdır.
Amerikanın Səsi: Bu günlərdə əminiz oğlu İnqilab Kərimova qarşı cinayət işi qaldırılıb. Bu nədən qaynaqlanır, səbəbi nədir?
“Litvienkonun başına gələnlər indi Azərbaycan diasporasının nümayəndələrinin də başına gələcək”, - bəyanatına niyə münasibət bildirilmir, cinayət işi qaldırlmır və araşdırma getmir ki, hansı xüsusi xidmət orqanları Azərbaycan diasporasını təzyiq altında saxlayır.
Əli Kərimli: Formal əsas kimi İnqilabın sosial şəbəkədə yazdığı bir şərh əsas götürülüb. O şərhi İnqilab bəy o məqsədlə yazıb ki, - Qənimət bəyin (Azadlıq qəzetinin Fransada məcburi mühacirətdə olan baş redaktoru Qənimət Zahid nəzərdə tutulur-red) məlumatıdır bu ki, Avropada yaşayan azərbaycanlılara qarşı vaxtı ilə Rusiya hakimiyyətinin Litvienkoya (Rusiyanın təhlükəsizlik xidmətinin Britaniyada öldürülmüş keçmiş zabiti Aleksand Litvienko nəzərdə tutulur-red) qarşı istifadə etdiyi terrordan istifadə olunacaq. İnqilab bəy də belə bir hadisə olacağı təqdirdə zorakılığa zorakılıqla cavab verəcəyini ifadə edib. Mən yenə də onu səhv sayıram, qınayıram onun bu açıqlamasını. Amma bunu açıq demək lazımdır ki, Azərbaycan hökuməti də onun bu səhvindən əslində sui-istifadə edib. Çünki İnqilab bəyin 2005-ci ildə meydanda beli sındırılanda, - yeri gəlmişkən elə siz də belə bir xəsarət almısınız (AXCP sədri Amerikanın Səsinin müxbiri Tapdıq Fərhadoğlunun Bakı Dövlət Universitetinin qarşısında etiraz aksiyası zamanı zorakılığa məruz qalaraq onurğa sütunundan əməliyyat olunmasını nəzərdə tutur-red), - Azərbaycan hökuməti hara baxırdı? İnqilab bəyin oğlunu maşınla vuranda Azərbaycan hökuməti hara baxırdı? Nəhayət, o bəyanatın özünə niyə münasibət bildirilmir. “Litvienkonun başına gələnlər indi Azərbaycan diasporasının nümayəndələrinin də başına gələcək”, - bəyanatına niyə münasibət bildirilmir, cinayət işi qaldırlmır və araşdırma getmir ki, hansı xüsusi xidmət orqanları Azərbaycan diasporasını təzyiq altında saxlayır. Ümumiyyətlə sosial şəbəkələrdə belə açıqlamalar, yersiz açıqlamalar olur və bir qayda olaraq Respublika Prokurorluğu onlara göz yumur. Yeganə olaraq bu hadisədə İnqilab bəyə qarşı gözlərini açıblar.
Amerikanın Səsi: İndiki mövcud durumda istimaiyyətə, hökumətə sözünüz varmı?
Söhbət yalnız neftin qiymətinin düşməsi nəticəsində kəskinləşmiş sosial böhrandan getmir. Ölkədə iqtisadi sistemin iflasından söhbət gedir. Ölkədə siyasi sistemin iflasından söhbət gedir.
Əli Kərimli: Bəli, məsuliyyətlərini hiss etmirlər. Mənim müşahidəmə görə, Azərbaycan hökuməti ölkədə nə baş verdiyini anlamır. Söhbət yalnız neftin qiymətinin düşməsi nəticəsində kəskinləşmiş sosial böhrandan getmir. Ölkədə iqtisadi sistemin iflasından söhbət gedir. Ölkədə siyasi sistemin iflasından söhbət gedir. Olduqca köklü və dərin islahatlar olmadan bu vəziyyətdən çıxış yoxdur. Bu islahatların önü açılmasa xalq üçün də, özləri üçün də çox pis sonluq hazırlayırlar. Ona görə də mən Azərbaycan hökumətini məsuliyyətli olmağa çağırıram. Məsuliyyətlərini dərk etməlidirlər, dərin hərtərəfli islahatların önünü gecikmədən açmalıdırlar.