Accessibility links

Ali məktəbə qəbul olunub oxumayanlar…


Bu il Azərbaycanda ali məktəbə daxil olanlardan 1 min 731 nəfər ondan imtina edib.

Bu barədə Təhsil Nazirliyindən yerli saytlara bildiriblər.

Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərdən yalnız 44 min 111 nəfər qeydiyyatdan keçib.

Təhsil haqqı ortalama 2 min 290 manatdır

Azərbaycanda ali təhsil müəssisələrində oxumaqdan imtina halları hər il qeydə alınır. Ekspertlərin bəziləri bunu universitetlərdə təhsil haqqının yüksək olması ilə əlaqələndirirlər. Yeri gəlmişkən, bu il qəbulda yerlərin təqribən 55 faizi ödənişli təhsilin payına düşür. Əvvəlki illərdə bu rəqəm daha yüksək olub.

Rəsmi məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrində illik təhsil haqqı ortalama 2 min 290 manatdır. Bu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı isə 724.4 manat təşkil edib.

İmtinanin səbəbi…

K.S. (Ad və soyadının tam deyilməsini istəmir) AzadlıqRadiosuna bildirir ki, Bakı Dövlət Universitetinə qəbul olunub. Onun deməsinə görə, pullu ixtisaslara düşüb. Gəncin vurğulamasına görə, imtahandan uğurla keçsə də, təhsil haqqı yüksək olduğundan oxumaqdan imtina edib: "Beynəlxalq münasibətlərə düşürəm. Orada illik təhsil haqqı 3 min manat civarındadır. Ailəmizin gəlirləri orada oxumağa imkan vermir. Gərək gələn il daha yaxşı hazırlaşıb, yenidən imtahana girim".

DİM-dən izah

Dövlət İmtahan Mərkəzindən (DİM) isə "Turan"a bildirilib ki, qeydiyyatdan keçməyənlər, adətən, yerli ali təhsil müəssisələri ilə yanaşı, xarici ölkə universitetlərinə də daxil olan gənclərdir: "Onlar təhsillərini xaricdə davam etdirməyə üstünlük veriblər. Xaricdəki universitetlərin cavabı DİM-in keçirdiyi müsabiqənin nəticələri elan olunandan sonra gəlir. Ona görə də abituriyentlər bu müsabiqənin sonuncu mərhələsinədək iştirak edir, xaricdən cavab gəldikdən sonra isə qəbul olduğu universitetdən imtina edirlər".

Mərkəzin məlumatına görə, digər səbəb kimi abituriyentin qəbul olunduğu ixtisasda oxumaq istəməməsini göstərmək olar.

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə danışmaq, hələlik, mümkün olmayıb. Amma rəsmilər son vaxtlar, bir qayda olaraq, vurğulayırlar ki, ölkə ali məktəblərində dövlət hesabına təhsilin səviyyəsi ildən-ilə artmaqdadır.

"Kredit götürə bilmədikləri üçün…"

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna deyib ki, təhsil haqqının baha olması universitetlərdə oxumaqdan imtinanın səbəblərdən biridir: "Tələbə Kredit Fondu yaradılsa da, hələlik, fəaliyyət göstərmir və təhsil haqqını ödəyə bilməyənlər kredit götürə bilmədikləri üçün universitetdən imtina ediblər".

Kamran Əsədov
Kamran Əsədov

Onun sözlərinə görə, imtinanın digər səbəbləri də olur: "Onlardan biri tələbənin istəmədiyi ixtisasa qəbul olmasıdır. Bəzən şəxslər düşünür ki, təki universitetə qəbul olum, sonra apellyasiya ilə ixtisası dəyişər. Amma bu, heç də həmişə alınmır. İkinci kateqoriya isə yerli universitetlərə qəbul olunsa da, daha ucuz və keyfiyyətli təhsil almaq üçün xarici ölkələrə üz tutanlardır".

"Təhsil haqları azaldılmalıdır"

Ekspert qeyd edib ki, ixtisas seçim vaxtı şəxslərə 15 yer seçmək ixtiyarı verilir: "O da beş istədiyi fakültəni yazır, qalanlarını isə çöldə qalmamaq üçün yazır. Nəticədə isə həqiqətən də çöldə qalır".

O, bu vəziyyətdən çıxış yolunu təhsil haqlarının azaldılmasında görür: "Təhsil haqları mütləq azaldılmalıdır. Hazırda onlar hər kəsin büdcəsinə uyğun deyil".

Rəsmi qurumların açıqlamasına görə, oktyabrdan tələbələrə kreditlərin verilməsi prosesinə başlanmalıdır.

XS
SM
MD
LG