Accessibility links

Əli Kərimli: Nümayişlər ucuzlaşmaya gətirib çıxara bilər [Sərbəst Kürsü]


Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli Sərbəst Kürsü canlı forumunun qonağı olub

Martın 15-də Milli Şura manatın ucuzlaşmasına etiraz əlaməti olaraq "Talana son" adlı nümayiş keçirməyi planlaşdırır. Aksiyanın facebook səhifəsində deyilir ki, "hökumətin, ölkə başçısının bahalaşmaya qarşı gözdən pərdə asan çağırış və tədbirləri heç bir nəticə vermir, verə də bilməz".

Nümayişə səbəb olan amilləri və aksiyaya hazırlıqları müzakirə etmək üçün bu həftə Sərbəst Kürsü canlı forumuna Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini dəvət etmişik. Martın 11-i AXCP sədri sizin suallarınızı cavablandırıb.

---------------------------

Emil Quliyev [Moderator]: Sərbəst Kürsünün növbəti canlı forumunda xoş gördük.

Əli bəy, Sərbəst Kürsüyə qatıldığınız üçün minnətdarıq. Rəhbəri olduğunuz partiyanın da iştirak etdiyi Milli Şura martın 15-də manatın dəyər itirməsinə etiraz əlaməti olaraq aksiya keçirməyi planlaşdırır. İlk öncə ondan başlayaq ki, aksiyaya hazırlıqlar necə gedir?

Əli Kərimli: Mən də sizə təşəkkür edirəm, proqrama dəvət üçün. Milli Şuranın 15 mart mitinqi sizin də xatırlatdığınız kimi ilk növbədə sosial tələblərə həsr olunub. Biz əhalinin manatın 1 gecədə 34 % ucuzlaşmasına və bununla da insanların 1 günün içində xeyli kasıblaşmasına etirazlarını ifadə etmək istəyirik. Hesab edirik ki, əvvəla manatın ucuzlaşması və onun ardınca gələn bahalaşma uzun illərdir ki, davam edən səhv siyasətin nəticəsidir, ikincisi böhran başlayandan hökumət onu mümkün olan ən pis formada idarə edir. Bütün ziyanları xalqın hesabına kompensasiya edir. Bütün bunlara əlbəttə ki, xeyli sayda insan etiraz etmək istəyir. Biz mitinqə hazırlıq üçün xeyli işlər görmüşük. İlk növbədə ölkədə mövcud olan azsaylı mətbuat orqanlarının imkanlarından istifadə edib, mitinqin məqsədləri haqda xalqı məlumatlandırmışıq. Daha çox iş sosial şəbəkələr üzərindən görülüb. Artıq 100 min nəfərə qədər facebook istifadəçisinə mitinqə dəvət göndərilib. Üzbəüz təbliğata da diqqət yetirmişik. Bu işi daha çox AXCP rayon təşkilatları aparır. Mitinqə çağırış vərəqələri də hazırlanıb, bu günlərdə paylanılacaq.

Emil Quliyev: Fərid adlı oxucu Bakıdan iki sualla müraciət edir:

1.Salam hörmәtli Әli bәy. Sualım belәdi ki, deyillәr ki, ölkәdә sağlam muxalifәt yoxdu, xalq muxalifәtә vә onun liderlәrinә inanmır.. Bu deyilәn fikirlәrә münasibәtiniz necәdi?
2.Hәr dәfә beynәlxalq tәşkilatlar bu hakimiyyәti ifşa edir, yapçılarda bunu ermәnilәrin üstünә atır, sizcə bu hakimiyyәt, niyә hәrşeyi ermәnilәrin üstünә atır? :)

Cavab: 1. Salam Fərid bəy. Əvvəla sülalə hakimiyyətlərinin, avtoritar rejimlərin olduğu ölkələrin hamısında müxalifət qeyri-sağlam elan olunur. Bu yalnız bizim hökumətə aid məsələ deyil. Adama deyərlər ki, sən seçkini keçir, qanunlara hörmət et, xalq özü inandığı müxalifəti tapacaq. Müxalifət yalnız bir siyasi qüvvədən ibarət deyil ki, biri, beşi xəstə olanda, 1-2-si də sağlam olar. Özünüz başa düşürsünüz ki, bu söhbətlər ölkədəki qeyri-demokratik rejimin qəddar siyasətini ört - basdır etmək üçün düşünülüb.

2. Beynəlxalq tənqidlər çox əsaslı, tutarlı olurlar. Onlara cavab verə bilmirlər. Ona görə də belə primitiv üsulla həmin tənqidləri rədd edirlər. Ermənilərlə münasibətlərə gəldikdə isə, hökumət gərək bu barədə danışmasın. Son günlər məlum oldu ki, şəhid ailələrinə çatacaq pulları ermənilərə xərcləməyə hazırlaşanlar kimlərdir. Əhalimizin hər fürsətdə cibinə girib, ermənistana sərmayə qoymağa hazırlaşanların da bu hökumət olduğu məlum oldu. İndi heç olmasa bu mövzunu bağlasınlar gərək.

Aqşin [Bakı]: Sizcə, mitinqlə bahalaşmanın qarşısını almaq olacaq? Məgər manatın ucuzlaşması və bunun nəticəsində bahalığın yaranması qlobal iqtisadi proseslərlə bağlı deyil? Mitinqlə hökumətə necə təsir göstərəcəksiz ki, bahalaşma əleyhinə hansısa tədbirlər görsün və ümumiyyətlə, hökumət hansı tədbirləri görə bilər ki?

Əli Kərimli: Aqşin bəy, əvvəla heç bir qlobal böhran yoxdur. Bu, bizim hökumətimizin uydurmasıdır ki, xalqa təsəlli olsun ki, vəziyyət hamıda pisdir. Neft qiymətinin düşməsi nəticəsində iqtisadiyyatı neftdən çox asılı olan ölkələrdə Rusiya, Venesuela və Azərbaycanda vəziyyət pisləşib. Bu ölkələrin də hökumətləri məsuliyyət daşıyırlar ki, vaxtında neftin qiyməti yüksək olanda qeyri -neft iqtisadiyyatını inkişaf etdirməyiblər.

İkincisi, biz başa düşürük ki, 1-2 mitinqlə manatın ucuzlaşmasından xalqa dəymiş ziyanı hökumətə ödətdirə bilməyəcəyik. Amma mitinqlər kifayət qədər kütləvi olsa, hökumət xalqdan bir az qorxsa, özünü yığışdırar və böhranın bütün ağırlığını xalqın çiyninə yükləməz. Ardıcıl mübarizə ilə maaşların, pensiyaların, təqaüdlərin, müavinatların artırılmasına nail olmaq olar. Bundan başqa bilirsiniz ki, indiki yüksək qiymətlərin əsas səbəbi idxaldakı monopoliya və rüşvətdir. Hökumət hiss etsə ki, xalq gerçəkdən də artıq dözə bilmir, oliqarxlara təpinər. Onları məcbur edər ki, ən azı bir müddət monopoliyanı yumşaltsınlar, malları topdansatış bazalarından Bakıya gətirildiyi qiymətdən 2-4 dəfə yox, məsələn 50 % baha qiymətə paylasınlar. Bəzi xərcləri hökumət dövlət rezervi vasitəsilə də görə bilər. Əgər xalq ardıcıl olaraq meydanlara çıxsa, bu etirazların xalqın gündəlik həyatına müsbət təsiri olacaq.

Elvin Dadaşov [Facebook]: Bizim demokratik bir ölkə olmağımız üçün ən vacib nədir (nələrdir)?

Cavab: Elvin bəy, ilk növbədə demokratik seçkilər lazımdır. Ölkədə seçki mexanizmi işləsə, hökumət də, parlament də, prezident də xalqla hesablaşacaq. Onda digər hüquqlara da hörmət olunacaq. Çünki hökumət digər hüquqlara hörmət etməsə, xalqın həmin hökuməti demokratik yolla dəyişmək imkanı olacaq. Əlbəttə, demokratiya demokratik seçkilərdən çox-çox geniş anlayışdır. Amma bütövlükdə demokratiyaya keçid üçün seçkilər açar məsələdir.

Moderator: Mehdi adlı oxucumuz yazır:

- Salam, Əli bəy. Sizə elə gəlmirmi ki, bu mitinq bir qədər gecikmişdir. Artıq qiymət artımı baş verib qurtarıb. Qiymətlərdə sabitlik hiss olunur. Bir növ camaat artıq manatın yeni kursuna da, qiymətlərin artımına da öyrəşmiş kimi görünür.

Cavab: Xeyr, mitinqin təyin olunmasında gecikdiyimizi düşünmürəm. Manat ucuzlaşıb, amma əsl qiymət artımı hələ qabaqdadır. Hökumət indi qiymətlərin qalxmasının qarşısını almaq üçün anti -korrupsiya, anti -monopoliya tədbirləri görmək əvəzinə ticarətçiləri hərbə-zorba ilə məcbur edir ki, onlar pərakəndə satış qiymətlərini qaldırmasınlar. Amma bu bazarın təbiətinə ziddir və uzun davam etməyəcək. Demək olar ki, hər gün hansısa malların qiymətlərinin artırılması haqda məlumatlar oxuyuruq, eşidirik. Sadəcə, hökumət inzibati üsullarla ona nail olmağa çalışır ki, hər şeyin qiyməti birdən qalxmasın. Bütün bunları da xalq görür.

Vüsal: Əli bəy, mitinqə Bakı ş. İH-in razılıq verməmək ehtimalı nə qədərdir və əgər razılıq verilməsə Milli Şura olaraq nə edəcəksiniz?

Əli Kərimli: Mən hesab edirəm ki, mitinqə razılıq veriləcək. Cavabı ləngidirlər ki, bizim mitinq hazırlığımıza mane olsunlar. Əgər Avropa Yay Oyunları ərəfəsi Bakıda hətta qapalı stadionda da mitinqə razılıq verilməyəcəksə, bu çox böyük beynəlxalq rezonans doğuracaq. Hökumətə qarşı beynəlxalq tənqidlər daha da şiddətlənəcək. Açığı mitinqə razılıq verilməməsi, hökumətə mitinqin özündən də ağır zərbə olar. Həm də hökumət psixoloji baxımdan da məğlub olar. Milli Şuranın təyin etdiyi mitinqdən qorxduğunu rəsmən etiraf etmiş olar. Xalqın özünə inamı daha da artar. Bütün bunlara görə mən hesab edirəm ki, mitinqə razılıq veriləcək. Razılıq verilməsə, biz təcili olaraq həm AXCP-də, həm də Milli Şurada müzakirə edib, qərar verəcəyik. Hökumət bilir ki, biz razılıq almadan da mitinqlər edə bilərik. Sadəcə, indiki mərhələdə mitinqlərdə sosial böhrandan zərər çəkmiş daha çox sadə insanın iştirakına şərait yaratmaq üçün biz razılaşdırılmış mitinqlərə üstünlük veririk. Məncə, bizi razılaşdırılmamış mitinqlərə sövq etmək hökumətə də sərf etməz. Bir daha bunu düşünsünlər.

Moderator: Pərvanə Məmmədova Facebookda yazır:

- İnsanları haqlarını görməyə, kölə olmamağa, insan kimi yaşamağa dəvət edirsiniz, bu qədər muti bir toplum üçün bu davranışınız alqışa dəyərdir, amma sizcə sizin səsiniz nə qədər çatır bu millətə, azadlıq ilk öncə düşüncələrdə olmalıdır. Bunun tək yolu da elmdir, xalqın hakimiyyəti olursa, həqiqətən bu millət nə qədər elmə sahib olar? Uğrunda mubarizə apardığım və ən çox mənə pis təsir edən budur. Bu ölkədə, cəhalət köləlik və bundan həzz alanlar !

Əli Kərimli: Pərvanə xanım, xoş sözlərinizə görə təşəkkür edirəm. Narahatçılığınızı da bölüşürəm ki, indi ölkəmizdə təhsilin, elmin səviyyəsi də acınacaqlıdır, bizim səsimizi topluma çatdırmaq imkanımız da məhduddur. Amma bu qeyri–adi də deyil. Qeyri–demokratik rejimlər üçün adi haldır. İlk baxışda lənətləniş dairə alınır. Bir tərəfdən ölkədə köklü demokratik dəyişikliklərin baş tutması üçün savadlı və məlumatlı xalq lazımdır, digər tərəfdən isə rejim mövcud olduqca, ölkədə normal təhsil sistemi, azad mətbuat imkanı olmayacaq və deməli, xalqımız da arzuladığımız səviyyədə məlumatlı olmayacaq. Bax, bu lənətlənmiş dairəni qırmaq üçün əldə olan məhdud resurslarla da olsa, köklü demokratik dəyişikliklər üçün işləməliyik. Xüsusilə sosial şəbəkələr indi bizə müəyyən imkanlar yaradır ki, səsimizi, mesajlarımızı 100 minlərlə insana çatdıraq. Yeri gəlmişkən, məmnunluqla müşahidə edirəm ki, 1000-lərlə savadlı gənclər sosial şəbəkələr vasitəsilə çox ciddi maarifçilik işi görürlər. Məktəbin vermədiyi təhsili, televiziyaların həyata keçirmədiyi maarifçilik işini sosial şəbəkələr qismən də olsa, kompensasiya edir. Hər gün 1000-lərlə bəlkə də 10 minlərlə ağıllı, maarifləndirici materiallar, yazılar, statuslar paylaşılır. 100 minlərlə insanın isə məhz sosial şəbəkələrin köməkliyi ilə dünyagörüşü genişlənir, informasiyası artır, hökumətin gizli tutmaq istədiyi həqiqətlərə əli çatır. Bir sözlə, hazırda toplum olaraq durumumuz acınacaqlı olsa da, gələcək barədə optimist düşünürəm.

İlham [Bakı]: Əli bəy, manatın devalvasiyası göstərdi ki, Azərbaycan hakimiyyət təmsilçilərinin bəyanatlarına rəğmən dünyanı bürüyən neft böhranına hazır deyil. Hasilatın aşağı düşməsiylə yanaşı, neftin də qiymətinin enməsi Azərbaycana gələn neft gəlirlərini azaldıb. Manatın da devalivasiyası Azərbaycanda da bu prosesin ağrılı keçdiyini göstərdi. Azərbaycanın maliyyə ehtiyatları bu böhranlı duruma nə qədər tab gətirə bilər? Son açıqlamalara görə, MB-nin valyuta ehtiyatı 11 milyard dollardır. Təşəkkürlər.

Cavab: İlham bəy, hökumət ümid edirmiş ki, neftin qiyməti həmişə yüksək qalacaq. Ona görə də vaxtında iqtisadi islahatlara getməyib və neftin qiymətinin düşməsi onu qəfil yaxalayıb. Hökumət indi də problemləri həll etmək üçün heç bir ağlabatan proqram ortaya qoya bilmir. Dövlət ehtiyatları isə hələ var. O qədər çox deyil ki, iqtisadiyyatın köklü problemləri həll edilmədən də ölkə rezervlərin hesabına vəziyyətdən çıxsın. Amma o qədər də az deyil ki, neftin qiymətinin düşməsindən dəyən bütün zərər vətəndaşın üzərinə yüklənsin. Belə böhran vəziyyətində bəzi xərclər dövlət rezervləri vasitəsilə ödənilə bilər. Hökumət bunu etmir.

Seyran [Bakı]: Salam Əli bəy, fb-də sizi izləyirəm. Bir sadə vətəndaş kimi deyim ki, bu gün Azərbaycanda real müxalifət təkcə sədri olduğunuz partiya və təmsil olduğunuz Milli Şuradır. Bir lider olaraq keçirəcəyiniz mitinqin xalqa xeyrindən və mitinqdən sonrakı baş verecek hadisələri necə izah edə bilərsiniz? Sizcə bu mitinqə hakim partiya əlini-qolunu sallayaraq kənardan seyirci qalacaqmı?

Əli Kərimli: Seyran bəy, verdiyiniz dəyərə görə təşəkkür edirəm. Mitinqlərimiz kütləvi və davamlı olacağı təqdirdə hökumət böhrana qarşı bəzi tədbirlər görməli olacaq. 2011-ci ilin ərəb inqilabları dövrünü xatırlayırsızmı? O zaman da biz mitinqlərə başlamışdıq. Hökumət də möhkəm qorxuya düşmüşdü. Təcili anti-korrupsiya tədbirləri elan etdilər. Bütün vəzifəli şəxslərə tapşırmışdılar ki, özümüz icazə verənə qədər rüşvəti dayandırın. Həqiqətən də rüşvət bir neçə aylıq dayandırıldı, adamlarla iş yerlərində daha mədəni davranmağa başladılar. Amma 3-4 aydan sonra əmin olandan sonra ki, müxalifətin mitinqlərinə geniş kütlələr qoşulmadı, qorxuları çıxdı. Yenidən əvvəlki vəziyyət bərpa olundu. Yenə də rüşvətlərini almaqda, xalqı saymamaqda davam etdilər. Amma o hadisələrin bir müsbət tərəfi oldu. Bütün xalq gördü ki, bizim ölkədə rüşvət ayrı - ayrı məmurların özfəaliyyəti deyil. Yuxarıdan aşağıya qədər tənzimlənən idarəetmə prinsipidir. Bizim ölkədə rüşvət, korrupsiya, monopoliya o qədər mərkəzləşib ki, dövlət başçısı istəyəndə bu sistemi dayandıra da, yenidən işə sala da bilir. Demək istəyirəm ki, xalqımız mitinqlərə kütləvi qoşulsa, ən azı hökuməti yenidən bir müddət "korrupsiya pəhrizi"nə məcbur edə bilər, bu da xeyli ucuzlaşmaya səbəb olar. Hökumətin mitinqlərimizə seyrçi qalmayacağı da məlumdur. Normalda hökumətlər real iş görməklə müxalifətin arqumentini əlindən alır. Amma bizim hökumətin bildiyi mübarizə üsulu repressiya və qara piardır. Bizim mitinqlər davam etdikcə, onlar da bizi şərləməkdə davam edəcək. O vaxta qədər ki, xalq özü duruma əl qoyacaq.

Orxan [Bakı]: Bölgələrdən mitinqə dəvət edilməsi və bölgələrdə siyasi ab-havanın yaradılması üçün hansı addımlar atılır. Bir də Putin dəyişilmədən İlham Əliyev hakimiyyətinin deyişəcəyinə ümid etmek olarmı?

Əli Kərimli: Orxan bəy, bölgələrdə rejim daha sərtdir, adamların maddi vəziyyəti də acınacaqlıdır. Ona görə də indiki mərhələdə mitinqi daha çox Bakı sakinlərinin hesabına keçirməyi düşünürük. Bunula belə bölgələrdən də 100-lərlə insan öz istəkləri ilə mitinqə gələcəklərini bildirirlər. Sonrakı zamanlarda bölgələrin özündə də mitinqlər keçirməyi düşünürük.

Rusiyadakı rejimin Azərbaycandakı sülalə hakimiyyətinin qorunmasında rolu böyükdür. Amma Rusiyanın öz vəziyyəti günü - gündən pisləşir. Getdikcə Rusiya üçün MDB məkanında jandarm olmaq daha da çətinləşəcək. Unutmayaq ki, xarici faktorlar nə qədər güclü və önəmli olsa da onlar yardımçı faktorlardır. Əsas xalqın öz istəyidir. Xalqlar çox istəyəndə öz hökumətlərini dəyişə bilirlər.

Yağmur [Bakı]: Dəyərli Əli bəy, salam. 1. Seçki ilidir, bahalaşmaya və bütün olanlara rəğmən xalq hələ də lazım olan təpkini vermir. Bu gedişlə seçkilərdə hər hansı bir dəyişikliyin olacağını gözləyirsinimi? 2. Sizcə illərlə "müxalifət və Qərb edəcək" deməklə yalnışa yol verilmədimi? Nə zaman xalqla diplomatik dillə deyil, açıq danışacaqsınız ki, öz başına carə etməsə, haqqına sahib çıxmasa, ona müxalifət heç bir yardım edə bilməyəcək? Öncədən təşəkkür edirəm...

Əli Kərimli: Yağmur xanım, bizim qədər siyasi məhbus olan ölkələrin heç birində xalqlar baş verənlərə adekvat reaksiya verə bilmir. Siyasi məhbuslar da zatən, ona görə həbs edilir ki, xalqda qorxu yaransın. Repressiyanın miqyasını nəzərə alanda bizim xalqın etiraz səviyyəsini və miqyasını da başa düşmək olar. Parlament seçkilərinin hələ əvvəlindəyik. Biz heç kimə heç nə vəd etmədən demokratik seçkilər üçün bütün əlimizdən gələni edəcəyik. Seçkilərə hələ xeyli müddət var və o vaxta qədər vəziyyətin müsbətə doğru dəyişəcəyinə də ümidlər qalır. "Müxalifət və Qərb edəcək" fikri isə əlbəttə yanlışdır. Mən şəxsən bu fikirlərə hər zaman qarşı olmuşam. YouTube saytında mənim onlarla çıxışım var ki, hər zaman xalqı yalnız özünə arxayın olmağa çağırmışam. Nə Qərbə, nə də hansısa xilaskara ümid etməməyə çağırmışam. Xüsusi vurğulamışam ki, müxalifət xalqdan ayrı, əlahiddə bir struktur deyil, xalqın narazı kəsiminin təşkilatlanmış formasıdır. Xalqın hamılıqla iştirakı olmadan heç bir müxalifət struktur, şəxs, xarici qüvvə xalqı xilas edə bilməz. Özü çarə olan xalq çarəni başqa yerdə axtarmamalıdır. Yanaşmanızı tam olaraq təqdir edirəm.

Moderator: Qasan Mamedov adlı Facebook istifadəçisi yazır:

- Əli bəy, yorulmamısınız? Sizin dağıtdığınız sistem artıq yenidən qayıdır.

Cavab: Yox, Həsən bəy, yorulmamışam. Həm də haqq işdən yorulmazlar. Bizim dağıtdığımız sistem artıq tarixə qovuşub, onu heç kim qaytara bilməz. Amma buna cəhdlər var. Azərbaycan istiqlalının keşiyindəyik. Azərbaycanın dövlət müstəqilliyini də indiki hökumətə ümid deyilik. Keçmişə qayıtmaq cəhdlərinə qarşı bütün imkanlarımızı səfərbər edəcəyik. Qarşımızda bir mühüm vəzifə də var. Bizim nəsil tərəfindən ölkəmizdə demokratiyanı bərqərar etmək vəzifəsi. Nə qədər çətin olsa da, əminəm ki, bu məqsədə də xalqımızın köməkliyi ilə nail olacağıq.

Emil Quliyev: Əli bəy, Sərbəst Kürsüdə iştiraka görə minnətdarıq.

Əli Kərimli: Mən də sizə, sual ünvanlayanlara, oxuculara minnətdaram.

XS
SM
MD
LG