Vladimir vilayəti məhkəməsinin hakimi Olqa Emelyanova məhkəmə iclasında Federal Penitensiar Xidmətinin siyasətçi Aleksey Navalnının Vladimir vilayətinin hüdudlarından kənardakı 6 saylı islah koloniyasından getməsi ilə bağlı məlumatını oxuyub. Bu barədə Navalnının tərəfdaşları məlumat yayıb.
"Federal Penitensiar Xidməti onun hazırda harada olduğunu və konkret olaraq hara aparıldığını bildirmir. Federal Penitensiar Xidməti Navalnının müdafiə və mühakimə hüququnu pozaraq, məhkəmələrdə iştirakını təmin etmir. Biz 10-cu gündür ki, Navalnının harada olduğunu bilmirik" - deyə, Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquq şöbəsinin rəhbəri Vyaçeslav Qimadi bildirib.
Sota-nın yazdığına görə, hakimin oxuduğu arayış dekabrın 12-nə aid olub. Orada Navalnının "Moskva Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünə uyğun olaraq, Vladimir vilayətinin hüdudlarından kənarda yerləşən islah müəssisəsinə aparıldığı" və "Navalnının gəlişi barədə mövcud qanunvericilik çərçivəsində məlumat veriləcəyi” bildirilib.
2022-ci il iyun ayının ortalarında dələduzluq işi üzrə hökm qüvvəyə mindikdən sonra Navalnı Melexovo kəndindəki 6 saylı ciddi rejimli koloniyaya köçürülüb. 2023-cü ilin avqustunda Navalnı "ekstremizm" işi üzrə də təqsirli bilinib. Əvvəlki hökmləri nəzərə alaraq, müxalifətçi 19 il xüsusi rejimli koloniyada həbs cəzasına və 500 min rubl cəriməyə məhkum edilib. Dekabrın 1-də məlum olub ki, Navalnıya qarşı "vandalizmə" görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi) cinayət işi açılıb.
Baza yazıb ki, Navalnı vandalizm işi üzrə istintaq prosesi üçün Moskvaya aparıla bilər. Bu məlumat rəsmi təsdiqini tapmayıb. Daha sonra Telegram kanalında "digər mənbələr köçürmə ilə bağlı məlumatı təsdiqləyir", lakin onların fikrincə, "Moskva onun son köçürülmə ünvanı olmaya bilər" deyə, bildirilib.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov Aleksey Navalnının harada olduğu barədə tam və etibarlı məlumat üçün mükafat elan edib.
Forum