Accessibility links

Bu gün Hələbi minlərlə insanın tərk edəcəyi gözlənilir


Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, Hələb və İdlib vilayətinin üsyançıların nəzarətində olan bəzi kəndlərini tərk etməyi gözləyən minlərlə suriyalının bu gün evakuasiya ediləcəyi gözlənilir. Ancaq pis hava şəraiti prosesin zəif getməsinə səbəb olub.

Beynəlxalq Qırmızı Xaç Komitəsi evakuasiyaya kömək edir və bu gün bildirib ki, Hələbin şərqini 34 mindən çox adam tərk edib. Şəhər 4 ildir ki, prezident Bəşar Əl-Əsədi hakimiyyətdən devirməyə çalışan üsyançıların nəzarətində idi. Yayılan rəqəmlərdə ötən gecə 4 mindən çox üsyançının da şəhəri tərk etdiyi göstərilir.

Bir həftəlik evakuasiya başa çatandan sonra Əsəd hökuməti Hələbin tam nəzarətini ələ alacaq. Hələb 2012-ci ildə başlayan müharibədən öncə Suriyada əhalinin ən sıx məskunlaşdığı şəhər olub.

BMT Baş Assambleyası isə dünən Suriyada 6 ilə yaxındır davam edən müharibədə mümkün müharibə cinayətlərinin araşdırmaq üçün müstəqil komissiyanın təşkilinə dair qətnamə qəbul edib.

Suriyanın BMT-dəki səfiri Bəşar Cəfəri isə bu addıma qarşı çıxış edib: "Nəticə artıq əvvəldən bəllidir. Necə olur ki, bu mexanizmi maliyyələşdirənlər, xüsusilə Qətər və Səudiyyə Ərəbistanı terrorizmin sponsorlarıdır. Burada həm də Avropa terrorizmini mənim ölkəmə və İraqa ixrac edən bəzi Avropa ölkələri var".

BMT baş katibi və insan haqları idarəsi dəfələrlə Təhlükəsizlik Şurasını Suriyadakı vəziyyətlə bağlı məsələni Beynəlxalq Cinayətlər Məhkəməsinə göndərməyə çağırıb. Bunun qarşısını Rusiya və Çin veto hüququndan istifadə edərək alıb.

XS
SM
MD
LG