Accessibility links

Aleksey Navalnının zəhərləndiyi güman edilir


Rusiya müxalifət lideri Aleksey Navalnının sözçüsü onun zəhərləndirildikdən sonra Sibir xəstəxanasında komada olduğunu bildirib.

Kira Yarmış sosial media hesabında 44 yaşlı Navalnının cümə axşamı Sibirin Tomsk şəhərindən Moskvaya uçarkən yolda halının pisləşdiyini və daha sonra huşunu itirdiyini yazıb. Təyyarə Omska təcili eniş edib və Navalnı xəstəxanaya çatdırılaraq nəfəs aparatına qoşulub.

Rusiyanın TASS xəbər agentliyi xəstəxananın baş həkiminə istinad edərək, Navalnının vəziyyətinin kritik olduğunu bildirib.

"Biz Alekseyin çayına nəyinsə tökülərək zəhərləndiyini güman edirik," Yarmış Twitter hesabında bildirib. O, Navalnının uçuşdan öncə yalnız çay içdiyini qeyd edib. “Həkimlər deyir ki, zəhər isti çaydan daha tez həzm olunub.” O, xəstəxanaya polisin çağırıldığını da qeyd edib.

Yarmış Navalnının ötən il də bənzər insidentlə qarşılaşdığını və qısa həbs müddətində xəstələnərək xəstəxanaya aparıldığını bildirib. Həkim həyat yoldaşına onun naməlum kimyəvi maddə ilə zəhərlənmə nəticəsində kəskin allergik reaksiyadan əziyyət çəkdiyini bildirib.

Navalnı prezident Vladimir Putinin sərt tənqidçisidir və bir neçə dəfə hökümət əleyhinə etirazlar təşkil etdiyinə görə həbs edilib. O, həmçinin hökümətdə korrupsiya hallarının üstünü açmaq məqsədilə qeyri-kommersiya təşkilatı təsis edib.

XS
SM
MD
LG