Accessibility links

Akif Qurbanov: Bu cəmiyyəti biz özümüz dəyişməliyik


Akif Qurbanov: Bu cəmiyyəti biz özümüz dəyişməliyik
please wait

No media source currently available

0:00 0:16:39 0:00

Beynəlxalq ictimaiyyət bloger Mehman Hüseynova qarşı qaldırılmış cinayət işinə xitam verilməsini məmnunluq hissi ilə qarşılasa da, diqqəti ölkədə söz azadlığı və insan haqları sahəsində vəziyyətin pis olmasına çəkib. Beynəlxalq təşkilatlar Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinə çağırıb. Bir sıra müşahidəçilərin fikrincə, beynəlxalq təzyiqlər cinayət işinə xitam verilməsində effektiv rol oynayıb. Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində Mehman Hüseynova dəstək, beynəlxalq ictimaiyyətin çağırışları və Azərbaycanda siyasi məhbuslar problemindən danışıb.

Akif Qurbanov beynəlxalq ictimaiyyətin Mehman Hüseynovun işinə vaxtında və adekvat reaksiya verdiyini hesab etdiyini bildirib. Lakin o, eyni zamanda, Mehman Hüseynovun daxildə daha aktiv müdafiəsini xüsusi qeyd edib.

“Müxtəlif çevrələrdən, istər sənət adamlarından tutmuş, ölkədə yaşayan və ölkədə yaşamayan biznesmenlərə qədər və yaxud da ki sosial qrupundan asılı olmayaraq, yaş qrupundan asılı olmayaraq müxtəlif təbəqələr çox aktiv surətdə müdafiə etdilər və hökumət hər halda ictimai rəyin onların əleyhinə ciddi işlədiyini gördü və daxili ictimai rəyin bu qədər aktivliyi həm də beynəlxalq ictimai rəyin daha da ardıcıl təpkisinə səbəb oldu.”

Akif Qurbanov beynəlxalq ictimaiyyətin insan haqları və demokratiya məsələlərinə dəstəyinin Azərbaycan cəmiyyətinin istədiyi səviyyədə olmadığını bildirib.

“Bu həm də təkcə daxildəki ictimai rəydə deyil, həm də beynəlxalq ictimai rəydə beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının, insan haqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları, nüfuzlu qurumlar var ki onlar da bu qənaətdədir ki, bəzən təəssüflər olsun ki, iqtisadi maraqlar və yaxud da ki real siyasət insan haqlarının, demokratiyanın pozuntularına dair addımlarda hökumətlərin maraqlarını daha önə çəkir və bu pozuntulara münasibətdə o qədər də ardıcıl reaksiyalar olmur. Amma bu, hər halda o demək deyil ki, hökumət istədiyini edə bilir və yaxud da edə biləcək və beynəlxalq ictimaiyyəti, beynəlxalq reaksiyaları bu və ya digər iqtisadi maraqlarla dəyişdirə biləcək. Mehman Hüseynov hadisəsində də gördük ki, belə olmadı.”

Akif Qurbanov Avropa qurumlarının siyasi məhbuslar problemini diqqət mərkəzində saxladığını və Azərbaycan hökumətini öz üzərinə götürdüyü təəhhüdlərinə əməl etməsinə dair çağırışlarını xüsusi qeyd edib.

“Azərbaycan hökumətinin görünən odur ki, imkanları tükənir. Xüsusən, Avropa Şurası Parlament Assambleyasında “Camaşırxana” araşdırması ilə bağlı, “Qara Kürü diplomatiyası” ilə bağlı araşdırmalarda da aydın göründü və son illərki Avropa Parlamentdəki rəylərdə, Avropa Şurası Parlament Assambleyasındakı rəylərdə də biz onu görürük. Amerikada da bu və ya digər rəylərdə görünür ki, Azərbaycan hökumətinin lobbi müttəfiqləri artıq öz imkanlarını itirirlər və yaxud da ki, artıq bu prosesi müdafiə etmək perspektivini görmürlər və öz imiclərini qorumaq məcburiyyətində qalırlar. Çünki Avropa Şurası Parlament Assambleyasındakı situasiyada konkret, hətta Parlament Assambleyasının prezidentinə qədər, Aqramunta qədər gedib çıxan bir prosesin acı nəticəsi ortalıqdadır və beynəlxalq medianın və ayrı-ayrı təşkilatların, insan hüquqları təşkilatlarının mövzu üzərinə daha da diqqətlə getməsi, daha ardıcıl getməsi, eyni zamanda, həmin qurumların öz yerli ərazilərində, yəni lobbi qruplarının, proses içərisində iştirak edənlərin seçildiyi ərazilərdə ictimaiyyətlə işləməsi, bunların hər biri öz effektini verir və bu çox ciddi, çəkindirici rol olur və Azərbaycan hökuməti də öz müdafiəçilərini, yalanları ört-basdır edən tərəfləri getdikcə itirməkdədir. Burada təbii ki iqtisadi imkanların zəifləməsi, neftin qiymətinin düşməsi də rol alır.”

Akif Qurbanov Avropa qurumlarının Azərbaycanda siyasi məhbus probleminin diqqət mərkəzində saxladığını vurğulayıb. Onun sözlərinə görə, Avropa qurumları eyni zamanda, Azərbaycan cəmiyyətinin təpkisinə xüsusi diqqət yetirir.

“Həm Mehman Hüseynov hadisəsi ilə bağlı, həm son mitinqlərlə bağlı, həm də ondan öncəki hadisələrlə bağlı ki, nə dərəcədə cəmiyyət buna reaksiya verir, cəmiyyətin hansı təbəqəsi buna reaksiya verir. Hətta CPT deyilən qurum var, Avropa Şurasının işgəncələrin qarşısının alınması üzrə komitənin ötən il 15 ildən sonra hesabatı yayılmışdı. Onların təmsilçiləri ilə görüşəndə onları açıq maraqlandırdı ki, `cəmiyyət özü necə reaksiya verir, işgəncələr haqqında məlumat alırlarsa, bunları sadəcə olaraq sakitcə qarşılayırlarmı, yoxsa hər hansı bir formada təpkilər büruzı verilirmi?` Yəni bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, biz özümüz də cəmiyyət olaraq bu məsələyə diqqət etməliyik ki, bu cəmiyyəti biz özümüz dəyişməliyik, bu cəmiyyətdəki problemləri biz özümüz çözməliyik. Beynəlxalq qurumlar da sadəcə olaraq bizim partnyorlarımız ola bilər. Onlar da bizimlə təcrübələrini bölüşə bilərlər.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG