Accessibility links

Akif Çovdarovun məhkəməsinə jurnalistlər niyə buraxılmır? [Video]


Akif Çovdarov
Akif Çovdarov

Məhkəmə oktyabrın 4-dək təxirə salınıb

Bakının Sabunçu Rayon Məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi Akif Çovdarov, eləcə də, Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb. Sentyabrın 20-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər keçmiş idarə rəislərinin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır.

Məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrlik edib.

Məhkəmə oktyabrın 4-dək təxirə salınıb.

Buna səbəb təqsirləndirilən şəxslərdən Akif Çovdarovun vəkili Sadiq Rəsulovun məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmaması və bu üzdən prosesdə iştirak etməməsidir.

Akif Çovdarovun məhkəməsinə jurnalistlər niyə buraxılmır?
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə, prosesə jurnalistlər buraxılmayıb.

Məhkəmədəki mühafizəçi polislər və nəzarətçilər jurnalistlərin buraxılmaması barədə göstəriş verildiyini deyiblər.

Yerli qanunvericiliyə görə hətta məhkəmə prosesi qapalı keçirilsə belə, hazırlıq iclası mütləq açıq olmalı, istənilən şəxs iştirak edə bilməlidir.

Akif Çovdarov dövlət hesabına vəkildən imtina edib.

Məhkəmədə A.Çovdarov bildirib ki, ona 56-cildlik cinayət işi materialları ilə tanış olmağa yetərincə vaxt verilməyib. "56 cildlik cinayət işi ilə tanış olmaq üçün cəmi 18 gün vaxt verilib", Çovdarov qeyd edib.

Təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə Amerikanın Səsinə bildirib ki, cinayət işi 24 epizoddan ibarətdir. ""Cinayət işi üzrə ibtidai istintaqda müxtəlif epizodlar üzrə 60-dan çox zərəçəkmiş tanınıb, ümumilikdə iş üzrə 300-dək şahid var. Zərərçəkmişlərin təxminən 15-ə qədəri hazırlıq iclasında iştirak edirdi", o qeyd edib.

Vəkilin sözlərinə görə, dövlət ittihamını hərbi Prokuororluğun və Baş Prokurorluğun prokurorları müdafiə edir.

A.Çovdarov və digərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, mənimsəmə, qanunsuz silah saxlama, hədə-qorxu ilə pul tələb etmə və digər ağır maddələr ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksək çinli əməkdaşı həbs olunub.

Ötən ilin dekabrında nazirlik ləğv edilib və onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG