Fəllahiyə (Şadqan) şəhərinin millət vəkili Abdullah Tamiminin İran parlamentindəki nitqində İranda ərəb kimliyinin inkar edilməsi və ərəblərin milli televiziyada təhqir edilməsinə etiraz olaraq ifadə etdiyi sərt sözlər farsdilli media, siyasi çevrələr eləcə də, güneyli fəalların diqqətini cəlb edib.
İranlı aktyor Əkbər Əbdinin son vaxtlarda İran televiziyasının canlı proqramında ərəblərlə bağlı söylədiyi aşağılayıcı ifadələrə münasibət bildirən ərəb millət vəkili İranın milli televiziyasını sərt tənqid edərək televiziyanın təhlükəli bir siyasət yürütdüyünü qeyd edib.
“Ayrıca, biz Ərəbdilli deyil, əsl ərəbik,” deyə İranda ərəb kimliyinin inkar edilməsinə etiraz edən Tamiminin sözləri xüsusilə İran Azərbaycanında türk fəalların diqqətini cəlb edib.
Sosial şəbəkələrdə Abdullah Tamiminin sözlərini paylaşan bəzi güneyli istifadəçilər İranda türklərin də oxşar “inkar siyasəti” ilə qarşı qarşıya olduğunu, fəqət Azərbaycan şəhərlərinin millət vəkillərinin hər hansı etiraz bildirmədiklərini önə çəkiblər.
İranda hakimiyyətə yaxın bəzi siyasətçilərdən əlavə hakimiyyət xaricində bir çox ziyalı, siyasətçi, sənətçi və yazar da İranda türk və ərəb kimliyinin mövcud olmadığını ara sıra dilə gətirərək İranda yaşayan ərəbləri “ərəbdilli”, türkləri isə “türkdilli” və əlavə olaraq “azəri” kimi ifadələrlə adlandırırlar.
“İranda türklərdən başqa heç bir xalqın milli adını dəyişdirməyə cəhd etməyiblər. Ərəb, kürd və bəluça başqa ad verilməyib. Amma, türkcəyə rəsmi dairələrdə qondarma Azəri ünvanı verilir,” deyə keçən fevral ayında güneyli fəal İbrahim Savalan Amerikanın Səsinə müsahibəsində İranda “türk” və “türkcə” adının dəyişdirilməsinə dair cəhdlərə diqqət çəkmişdi.