Accessibility links

Amerikalı azərbaycanlılar namizədlərin İran Azərbaycanı probleminə önəm verməsini istəyir


Əhməd Obalı və Con Nəimi Əmiral növbəti administrasiyanın İranda etnik problemlərə diqqəti artıracağına ümid edir

ABŞ prezident seçkilərində xarici siyasət sahəsində əsas prioritet məsələlər arasında İranda vəziyyət göstərildi. Həm prezident Obama, həm keçmiş qubernator Mitt Romni İranın nüvə silahı əldə etməsinin qarşısını almaq əzmində olduqlarını bildiriblər. Amerikada Azərbaycan icmasının üzvləri prezidentliyə namizədlərin İranda etnik məsələ, xüsusilə də azərbaycanlıların dil və mədəni baxımdan diskriminasiyası məsələinə kifayət qədər diqqət vermədiklərini bildirirlər.

Çikaqo şəhərində yerləşən Günaz televiziyasının təsisçisi və yönəticisi Əhməd Obalı debatlar zamanı namizədlərin İranda etnik məsələni müzakirə etməməsini təəssüf hissi ilə qeyd edir.

Virciniya ştatının Norfolk şəhərində yaşayan siyasətçi və iş adamı Con Nəimi Əmiral isə ABŞ-ın növbəti administrasiyasının İrana qarşı daha sərt siyasət yeritməli olduğunu bildirir.


əhməd obalı
əhməd obalı

Dilşad Əliyarlı: Əhməd bəy, prezident seçki kampaniyası dövrü və debatlar zamanı İran xarici siyasət sahəsində prioritet mövzu oldu. Prezidentliyə namizədlərin İranla bağlı siyasətini necə dəyərləndirirsiniz və hakimiyyətə gələcək administrasiya və yeni prezidentin İranda azərbaycanlıların problemlərinin həlli istiqamətində hansı fəaliyyətlərini görmək istəyərdiniz?
Əhməd Obalı: Mən hər üç debata baxdım və hər iki namizəd xarici siyasət sahəsində İran və Suriya məsələlərini geniş müzakirə etdilər. Müzakirələr belə bir istiqamətdə gedirdi ki, hansı namizəd İrana qarşı daha sərt və təsirli siyasət aparacaq. Baxanda həqiqətdə mən görürdüm ki, İran məsələsində iki namizədin bir-birindən o qədər də fərqi yoxdur. Sadəcə,hər ikisi sanksiyaları dəstəkləyirdilər, hər ikisi İranı İsrailə qarşı böyük təhlükə görürdülər, hər ikisi İsraili İranın qarşısında müdafiə edəcəklərini bildirirdilər. Məsələni bir növ İran-İsrail məsələsi kimi qoyurdular. Halbuki İranın İsrail əleyhinə yox, bəlkə İranın götürdüyü siyasət birinci, İranda yaşayan xalqların əleyhinə bir siyasərdir, ikinci, dünyanın ən mühüm nöqtələrindən biri olan o məntəqəyə bir təhlükədir və əlbəttə ki, Amerikanın özünün də milli maraqlarına zidd bir siyasət aparır İran. Onun üçün məsələni İsraillə İrana bağlamaq o qədər də yaxşı deyil, əslən İranın İsrailə qarşı aqressiv siyasəti və ya işlətdiyi sözlər də xoşagəlməz deyil. Buna görə mənim üçün prezidentliyə namizədlərin İran məsələsində o qədər də fərqləri yox idi,ən azı danışıqlarda. Təbii ki, son dörd ildə prezident Obamanın tətbiq etdiyi iqtisadi sanksiyaların yaxşı təsiri oldu. Sadəcə bu, kifayət deyil. İran məsələsini mən azı belə görürəm ki, hər iki tərəf bəlkə də düzgün olaraq məlumatlandırılmır, və ya da elə məsələlər var ki onlar debatlarda danışmadılar. İran məsələsi atom məsələsi, ya da insan hüquqları məsələsi deyil. İranda böyük problemlərdən bir də etnik məsələdir. Prezidentliyə namizədlərin heç biri etnik məsələdən danışmadı. İran elə bir dövlətdir ki, orada müəyyən etnik qruplar öz torpaqlarında yaşayır, yəni yanaşı yaşayırlar. Azərbaycanlılar Azərbaycanda yaşayırlar, ərəblər Xuzisitanda, kürdlər Kürdüstanda, bəluclar Bəlucistanda, farslar da Farsistan və yaxud fars məntəqələrində, eləcə də türkmənlər də İranın şimal hissəsindəki türkmənistanda yaşayırlar. Bu məsələ haqda Amerika administrasiyası, Amerika hakimiyyəti lazım olduğu səviyyədə indiyə qədər danışmayıb. İran məsələsini etnik qruplar baxımından həll etməyə çalışmalıdırlar. Bu baxımdan prezidentliyə namizədlərin hər ikisinin mövqeyi təxminən eynidir.

İran məsələsi atom məsələsi, ya da insan hüquqları məsələsi deyil. İranda böyük problemlərdən bir də etnik məsələdir.
Əhməd Obalı



Dilşad Əliyarlı: Əhməd bəy, namizədlərin hansının istər xarici, istərsə də daxili siyasət kursuna dəstək verirsiniz?
Əhməd Obalı: Hər ikisinin müsbət tərəfləri vardır. Amerikanın iqtisadiyyatı indi çox önəmlidir. Amerika iqtisadiyyatı zəiflədikcə dünyada Amerikanın nüfuzu də azala bilər və yaxud bu, Amerikanın imicinə mənfi təsir edə bilər. İqtisadiyyat baxımından, ən azı bu debatlardan və prezident Obamanın son dörd ildə apardığı siyasətə baxanda Mitt Romninin siyasəti bir az üstün görünür mənə. Xarici siyasətdə isə İrana qarşı özəlliklə bizim üçün çox önəmlidir, İrana qarşı, Mitt Romninin İran qarşısında daha ciddi dura biləcəyi, hər halda siyasətindən göründüyü kimi daha yaxşı olardı. Amma dediyim kimi, prezident Obama ilə Romninin o qədər də fərqi olmadı. Azərbaycana baxanda məncə, yenə də bəlkə Romni daha yaxşı olardı. Çünki son dörd ildə prezident Obama işbaşına gəldikdən bu yana şimali Azərbaycanda da verə biləcəyi qədər dəstək verməyib. Azərbaycana uzun müddət səfir saxlamayıblar. Yəni Amerikanın xarici siyasətinə, prezident Obamanın xarici siyasətinə məsələn, erməni lobbisi güclü təsir edə bilib, ən azı Azərbaycan məsələsində, ən azı Azərbaycandakı səfirin orada qalıb-qalmamasına. O baxımdan, bəlkə fərqli olsun deyə Romni yaxşı olardı. Amma yenə də deyim ki, az bir fərq var, namizədlər bir-birindən bəlkə o qədər də fərqli deyillər.


John Naimi Amiral and Mitt Romney
John Naimi Amiral and Mitt Romney
Dilşad Əlyarlı: Nəimi bəy, Siyasi mənada bu seçkilər sizin üçün nə deməkdir? Siz hansı namizədə üstünlük verirsiniz?
Con Nəimi Əmiral: Xarici siyasət bizlər üçün çox vacibdir, Azərbaycana münasibət olduqca vacibdir. Mən çox istəyərəm ki, prezident seçiləcək şəxs Azərbaycanla münasibətləri yaxılaşdırsın, Ermənistanın işğalçı dövıət olduğunu bəyan etsin, Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması üçün aktiv çalışsın və Azərbaycana bu mənada dəstək olsun. Eyni zamanda, xarici siyasətdən danışdığımız zaman İran bizim üçün çox vacib məsələdir. Mən çox istəyərəm ki, bundan sonrakı prezident İrana qarşı, İran rejiminə qarşı çox sərt olsun və bildiyiniz kimi Güney Azərbaycanı işğal altındadır, Azərbaycanın gələcəkdə işğaldan azad olunması üçün ümidlər artsın, Yaxın Şərq üçün çox böyük problemlər yaradan İran rejiminə son qoyulması üçün addımlar atılsın.


Mən çox istəyərəm ki, bundan sonrakı prezident İrana qarşı, İran rejiminə qarşı çox sərt olsun və bildiyiniz kimi Güney Azərbaycanı işğal altındadır, Azərbaycanın gələcəkdə işğaldan azad olunması üçün ümidlər artsın
Con Nəimi Əmiral





Yaxın Şərqdə başqa məsələlər var. Məsələn, Suriyada humanitar böhran yaşanır. Bu böhranla bağlı müəyyən işlər görülməlidir. Bu krizisə son qoyulmalıdır. Bildiyiniz kimi Bəşar Əsəd öz insanlarına qarşı qətliam həyata keçirir. Bunlar da çox vacib məsələlərdir, amma dediyim kimi, bir amerikalı olaraq iqtisadiyyat çox önəmli məsələdir, eyni zamanda, azərbaycanlı amerikalı olduğumuz üçün ən vacib məsələlərdən biri də Amerikanın xarici siyasəti, Azərbaycana, istər Azərbaycan Respublikasına, istərsə də İrana olan münasibət, Güney Azərbaycanının taleyi ilə bağlı məsələlər bizi çox narahat edir. Mən inanıram ki, bunların hamısında mən ümid edirəm ki, Romni daha müsbət olacaqdır. Çünki bu son dörd ildə bu sahədə mənim fikrimcə, heç bir irəliləyiş görmədiyimiz üçün ümid var ki, Romni bu məsələlərdə daha müsbət nailiyyətlər əldə edəcək, səsvermədə də bunlar mənim üçün şərt idilər.


  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG