ABŞ Konqresində dinləmədə başlıca mövzu naməlum bir şəxsin iki həftə əvvəl təhlükəsizlik məntəqələrini keçərək Ağ Evin içərisinə daxil olmaısı olub. Qanunvericilər insidentlə bağlı Xüsusi Xidmət İdarəsinin rəhbərini ciddi sorğu-suala tutub.
Ağ Evin qarşısındakı Kris Merser kimi turistlər inanmır ki, üzərində bıçaq olan Oskar Qonzales adlı bir şəxs təhlükəsizlik hasarını aşaraq Ağ Evə daxil olub və yalnız 5-ci təhlükəsizlik mərhələsini keçəndən sonra saxlanıb.
"Bu biabırçı bir şeydir, çünki onların görməli yalnız bir işi var. Hamımızın bir işi var və diqqətimizi bu işdən ayırmamağımız çox önəmlidir" - deyə turist Kris Merser bildirir.
Sentyabrın 19-da baş vermiş insidenti diqqət mərkəzində saxlayan Konqres üzvləri isə Xüsusi Xidmət İdarəsinin direktoru Culiya Pirsonu ciddi sorğu-sual edib.
Konqresmen Darrel İssa:
- Ağ Ev nəinki Amerikanın, hətta dünyanın ən güclü qorunan obyektlərindən biri olmalıdır. Yəni, bu necə baş verə bilərdi ki?”
Konqresmen Elica Kumminqs:
- Heç kimin Ağ Evin hasarını aşmasına, şimal bağcaya keçməsinə və birinci ailənin iqamətgahına silahla daxil olmasına icazə verilə bilməz. Heç kim!
Son 5 ildə qeydə alınan 16 insident barədə hərtərəfli hesabat verən direktor Pirson səhvləri qəbul edib: "Açıq-aşkar görünür ki, təhlükəsizlik planlarımız düzgün icra edilməyib. Bu qəbuledilməzdir. Tam məsuliyyəti üzərimə götürürəm və bunun bir daha baş verməyəcəyinə çalışacam".
Son təhlükəsizlik insidentində Ağ Ev bildirib ki, prezident Obamanın Xüsusi Xidmətə tam əmindir. Administrasiyanin sözlərinə görə, idarənin birinci ailənin mühafizəsi və “xalqın evinə” çıxış şəraiti yaradılmasını balanslaşdırmaq kimi ağır missiyası var.
Ağ Ev sözçüsü Coş Örnest deyib ki, prezident həm narahat, həm də əmindir: "O, bu binadan iki gənc qız böyüdən ata və validetn kimi vəziyyətdən ciddi narahatlığı açıq şəkildə ifadə etdi".
Turist Servin Qardner ümid edir ki, güclü təhlükəsizlik qapıların ictimaiyyətə bağlanması demək olmayacaq. "Təhlükəsizlik üçün hər şey etmək lazımdı, amma öz binamızı görmək üçün yaxına buraxılmamağımız tam biabırçılıq olar" - turist Qardner bildirir.
Amerikalıların bölüşdüyü başlıca narahatlıq isə prezidentlərinin mühafizəsinin tam təminatıdır.