Əfqanıstanın üç şəhərində baş vermiş bomba partlayışları nəticəsində 10 polis məmuru həlak olub. Bu, son zamanlarda təhlükəsizlik qüvvələri və mülki şəxslərə qarşı silsilə hücumların sonuncusudur.
Rəsmilər bildiriblər ki, Loqar əyalətində polis forması geymiş intiharçı yerli polis idarəsi yaxınlığında polis rəisinin konvoyuna hücum edib və nəticədə rəis daxil olmaqla yeddi polis məmuru həlak olub. Dörd nəfər isə partlayış zamanı yaralanıb.
Pakistanla sərhədində yerləşən şərqi Nanqarar vilayətinin Cəlalabad şəhərində isə bir maşının yanında güclü bomba partlayışı nəticəsində üç polis məmuru həlak olub.
Rəsmilərin məlumatına əsasən, Əfqanıstanın paytaxtı Kabilda yol kənarında yerləşdirilmiş bombanın partlaması azı iki mülki şəxsin yaralanması ilə nəticələnib.
Loqar və Cəlalabadda baş verən hücumların məsuliyyətini Taliban öz üzərinə götürüb və bildirib ki, ölənlərin sayı daha da çoxdur.