Diplomatik mənbələrin cümə günü Amerikanın Səsinə bildirdiyinə görə, Əfqanıstan Talibanı qonşu Pakistana qarşı terror aktları planlaşdıran militantların fəaliyyətini "zərərsizləşdirmək" üçün "konkret addımlar" atacağını vəd edib.
Danışıqlardan xəbərdar olan mənbələrin bildirdiyinə görə, bu vəd cümə axşamı Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi və Pakistanın yüksək səviyyəli nümayəndə heyəti ilə Kabildə keçirilən ikitərəfli görüş zamanı verilib.
Pakistanın yüksək rütbəli hərbçilərin də daxil olduğu nümayəndə heyətinə Əfqanıstan üzrə xüsusi nümayəndəsi Asif Durrani başçılıq edib. Səfər Pakistanda təhlükəsizlik qüvvələrinə qarşı ölümcül hücumların artması fonunda baş tutub.
Zorakılıqların çoxuna görə məsuliyyəti qadağan edilmiş "Təhrik-i-Taliban Pakistan" (TTP) öz üzərinə götürüb. İslamabad TTP liderlərinin və Əfqanıstanda sığınan militantlar iki il əvvəl Taliban Kabildə hakimiyyəti ələ keçirməsindən sonra sərhədyanı hücumları intensivləşdirdiyini bildirib.
Son bir ildə "Təhrik-i-Taliban Pakistan"ın demək olar ki, gündəlik hücumları nəticəsində yüzlərlə Pakistan polisi və əsgəri həlak olub.
Mənbələr Amerikanın Səsinə bildiriblər ki, cümə axşamı keçirilən danışıqlarda əsas "diqqət" Pakistan Talibanı kimi tanınan "Təhrik-i-Taliban Pakistan"a yönəlib və "Əfqanıstan tərəfə bildirilib ki, qruplaşmanın Pakistana qarşı onun ərazisindən istifadə etməsi İslamabadda ciddi narahatlıq yaradır".
Mənbələr əlavə ediblər ki, Kabil hakimiyyəti "TTP-nin fəaliyyətini neytrallaşdırmaq üçün konkret addımlar atmağa zəmanət verib".
Yığıncaqda həmçinin Pakistan və Əfqanıstan arasındakı təxminən 2600 kilometrlik sərhəddə təhlükəsizlik vəziyyəti ilə bağlı "müntəzəm məsləhətləşmələr" keçirilməsi qərara alınıb.
Pakistan rəsmiləri danışıqların təfərrüatını açıqlamasa da, Müttəqinin ofisi nazirin hər iki ölkənin qarşılıqlı inamsızlığı artıran açıqlamalar verməkdən çəkinməli olduğunu dediyini bildirib.
Talibanın baş diplomatı "Heç kimə iki ölkə arasındakı münasibətlərə xələl gətirməsinə icazə verilməyəcək" deyib.
Əvvəllər Twitter olan X-dəki bəyanatda "Təhrik-i-Taliban Pakistan"dan bəhs edilmədiyi kimi, Kabilin qrupun fəaliyyətlərini cilovlamaqla bağlı iddia edilən vədinə də toxunulmayıb.
Taliban başqa ölkələri təhdid etmək üçün Əfqanıstan torpaqlarından istifadə etməyə icazə verdiyi ilə bağlı iddiaları rədd edib.
ABŞ "Təhrik-i-Taliban Pakistan"ı qlobal terror təşkilatı elan edib.
Forum