Accessibility links

Əfqanıstanda məscidin partladılması onlarla insanın ölümü ilə nəticələnib


Talibanın sözçüsü Zabihulla Mücahid
Talibanın sözçüsü Zabihulla Mücahid

Taliban təmsilçiləri və xəstəxana mənbələri çərşənbə günü Əfqanıstanın paytaxtı Kabildəki məsciddə axşam namazı zamanı baş verən güclü bomba partlayışının onlarla insanın ölümünə səbəb olduğunu bildirib.

Şəhər polisinin sözçüsü Xalid Zadran Amerikanın Səsinə deyib ki, “ölənlər və yaralananlar var”. Lakin o, əlavə məlumat verməyib. O, kəşfiyyat qrupları və müstəntiqlərin hadisə yerinə gəldiklərini və araşdırmalar aparıldığını bildirib.

Çox sayda mənbənin bildirdiyinə görə, intiharçı hücumu nəticəsində azı 20 ibadətçi həyatını itirib və daha çox insan yaralanıb. Ölənlər arasında Əfqanıstanın tanınmış alimi və sufi İslamının təbliğçisi Maulvi Əmir Məhəmməd Kabulinin də olduğu bildirilir.

Associated Press xəbər agentliyi hadisənin şahidləri və polis məmurlarına istinadən Kabuli də daxil olmaqla, azı 10 nəfərin öldüyünü təsdiqləyib. Taliban rəsmiləri itkilərlə bağlı açıqlama verməyib.

İtaliyanın Kabildəki Fövqəladə Hallar Xeyriyyə Xəstəxanası verdiyi açıqlamada hadisə yerindən gətirilən 27 nəfərdən ikisinin öldüyü, üçüncünün isə təcili yardım otağında dünyasını dəyişdiyini bildirib. Xəsarət alanlar arasında biri 7 yaşlı olmaqla, 5 uşağın olduğu bildirilir.

Hökumətin baş sözçüsü Zabihulla Mücahid hücumu pisləyərək “bu cür cinayətləri törədənlərin tezliklə məhkəmə qarşısına çıxarılacağını və cəzalandırılacağını” deyib.

Kabilin şimal Xer Xanna məhəlləsindəki Siddiqiyyə məscidinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Şübhələr özünü İslam Dövləti adlandıran terror qruplaşmasının üzərində cəmləşir. Bu qrup sufizmə etiqad edən müsəlmanları coxallahlı olaraq pisləyir.

İslam Dövlətinin Əfqanıstan qolu olan Xorasan Vilayəti (İŞİD-K) bir il əvvəl Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda hücumları artırıb. Terrorçu təşkilat əsasən mürtəd kimi qiymətləndirdiyi azlıqda olan şiə müsəlmanlar olmaqla, Taliban döyüşçülərinə və mülki şəxslərə qarşı bomba hücumları törədir.

XS
SM
MD
LG