Əfqanıstanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Taliban yaraqlılarının bu gün ölkənin cənub bölgəsindəki hərbi bazaya hücumu zamanı azı 43 əsgər öldürülüb.
Qəndəharda yerləşən hərbi bazaya səhər saatlarında edilən hücum zamanı 9 əsgərin yaralandığı, 6 əsgərin isə itkin düşdüyü deyilib. Nazirlik 10 Taliban yaraqlısının öldürüldüyünü bildirib.
Hücumun məsuliyyətini öz üzərinə götürən Taliban 60 əsgərin öldürüldüyünü iddia edir.
Hücum intiharçının avtomobili partlatması ilə başlayıb və silahlıların hərbi bazaya hücumu ilə davam edib.
Bu, Talibanın bir həftə ərzində Əfqanıstanın təhlükəsizilk qüvvələrinə qarşı üçüncü hücumudur və hücumların hamısı eyni şəkildə həyata keçirilib.
Çərşənbə axşamı Talibanın ölkənin şərqində Qardez şəhərindəki Polis Təlim Mərkəzinə etdiyi hücum zamanı azı 52 nəfər ölmüşdü. Qrup eyni gün Qəzni vilayətində də ölümlə nəticələnən hücum həyata keçirmişdi.