Birləşmiş Ştatlar ordusunun bildirdiyinə görə, bu ayın əvvəlində Əfqanıstanın cənub-şərq bölgəsində keçirilən hava əməliyyatları zamanı Əl-Qaidənin yüksək rütbəli komandiri öldürülüb.
Pentaqon bu gün açıqladığı bəyanatda deyilir ki, Əbu Xəlil Əl-Sudani iyulun 11-i Pakistanla sərhəd yaxınlığındakı Paktika vilayətində öldürülüb. Bəyanatda eləcə də deyilir ki, sünni yaraqlı qrupa başçılıq edən Əl-Sudaninin Birləşmiş Ştatlar, Əfqanıstan və Pakistan hərbi qüvvələrinə qarşı hücumlarda, intiharçı hücumlarında və bomba əməliyyatlarında əli olub.
"Əl-Sudani əməliyyat zamanı öldürülən üç ekstremistdən biridir" deyə bəyanatda bildirilsə də, digər iki nəfərin adı açıqlanmayıb.
Birləşmiş Ştatların son aylar keçirdiyi hava əməliyyatları zamanı Əl-Qaidənin bir neçə yüksək rütbəli rəsmisi öldürülüb ki, onların arasında qrupun Yəmən bölməsinin lideri Nasir Əl-Vuayşi də var.
.