Accessibility links

ABŞ-ın Marşal İrsi İnstitutu indiyədək Azərbaycana 50 minaaxtaran it hədiyyə edib


ANAMA-nin minaaxtaran iti
ANAMA-nin minaaxtaran iti

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və ABŞ-ın Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) prezidenti Perri Baltimor bu gün, avqustun 25-də Bakıda keçirilən görüşdə minaaxtaran itlərlə bağlı görülən işlərə dair müzakirələr aparıb və gələcək əməkdaşlıq əlaqələrini müzakirə edib.

Görüşdə MLI-ın Əməliyyatlar üzrə vitse-prezidenti Eliz Beykeri və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov iştirak edib.

ANAMA-nın məlumatına görə, Vüqar Süleymanov bildirib ki, 2005-ci ildən bü günədək Marşal İrsi İnstitutu Azərbaycanın minatəmizləmə proqramına 50 baş minaaxtaran və partlayıcı axtaran it hədiyyə edib.

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor Azərbaycanda keçirilən minatəmizləmə əməliyyatlarına öz töhfəsini verməklə fəxr etdiyini qeyd edib.

Perri Baltimor ANAMA-nın bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini vurğulayıb.

Marşal İrsi İnstitutunun prezidenti avqustun 23-də ölkəyə gətirilən ilk 10 baş minaaxtaran itin əməliyyatlara qoşulmasının minatəmizləmə əməliyyatlarına müsbət təsirini göstərəcəyinə əmin olduğunu deyib.

Qeyd edək ki, avqustun 26-da ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor anlaşma memorandumu və müqavilə imzalayacaq.

ANAMA ilə MLI arasında əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və hazırda davam etməkdədir.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan bu il avqustun 11-dək həmin ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG