Accessibility links

ABŞ xəstəxanaları koronavirus xəstələri ilə doludur - Bir gündə 64 min yoluxma


Cümə axşamı ABŞ-da koronavirusa yoluxma halları rekord həddə çataraq, 64 mindən çox olub. Arizona, Kaliforniya, Florida və Texas da daxil olmaqla, ölkənin qərb və cənub ştatlarındakı xəstəxanaların reanimasiya bölmələri koronavirus xəstələri ilə dolub.

Ölkənin yoluxucu xəstəliklər üzrə ən yüksək dövlət rəsmisi Antoni Fauçi ştat qubernatorlarını virusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətləri qaldırma planlarını təxirə salmağa çağırıb.

Cümə günü Cons Hopkins Universiteti dünya boyu koronavirusa 12 milyondan çox yoluxma halının olduğunu bildirib ki, onlardan 3 milyondan çoxu ABŞ-ın payına düşür.

ABŞ-ın yoluxma hallarının qarşısını ala bilməməsinə baxmayaraq, prezident Donald Tramp yaxın həftələrdə ölkənin məktəblərinin açılması üçün təzyiqlərinə davam edir. Ölkədəki dövlət məktəbləri eyni vaxtda açılmır, bəziləri avqustda, bəziləri isə sentyabrda açılır.

Məktəblərin açılmasının uşaqlar və yetkin yaşlı məktəb işçiləri üçün nə qədər təhlükəsiz olacağı ilə bağlı suallar var.

Ümumiyyətlə virusun uşaqlara böyüklər qədər ciddi təsiri olmadığı düşünülsə də, uşaqlar arasında da yoluxanlar, hətta ölənlər də olub.

Ümumdünya Səhiyyə Təşkilatı bəzi ölkələrin yoluxmanın qarşısını ala bilməkdə digərlərindən daha müvəffəq Olması səbəbilə koronavirus pandemiyasına qarşı qlobal reaksiya ilə bağlı müstəqil bir araşdırmaya başlayır.

"İndi özümüzü dəyərləndirmək, yaşadığımız dünyaya baxmaq, həyatımızı xilas etmək və pandemiyanı nəzarət altına almaq üçün birlikdə çalışmaq, əməkdaşlığımızı gücləndirmək yollarını tapmaq zamanıdır. Dünyada demək olar ki, hər kəsə təsir edən bu pandemiya birmənalı qiymətləndirilməlidir" - deyə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Аdhаnоm Gebreyesus bildirib.

Araşdırma qrupuna Yeni Zelandiyanın keçmiş baş naziri Helen Klark və Liberiyanın sabiq prezidenti Ellen Sirlef Conson rəhbərlik edəcək. Digər üzvlər daha sonra əlavə olunacaq.

Cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatı 200-dən çox alimin COVID-19-un hava ilə yayıla biləcəyini rəsmi olaraq təsdiqlədiyini bildirib.

Avstraliya və ABŞ-dan olan 200-dən çox alim bu həftə araşdırmaların nəticələrini açıqlayaraq, virusların nəfəs verən, danışan və öskürən zaman havda ilişik-qala biləcək qədər kiçik mikrodamcılarla yayıldığını" bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı bu ehtimalı rədd etmişdi. Lakin indi "hava yolu ilə yayılma, xüsusən də yoluxmuş insanlarla uzun müddət qapalı və insanların çox olduğu, kifayət qədər havalandırılmayan yerlərdə yoluxma istisna edilə bilməz" deyir.

Açıqlamada heç bir simptom olmayan insanların da koronavirusu hava vasitəsilə yaya bildiyi deyilir.

XS
SM
MD
LG