Birləşmiş Ştatlar bu həftə Cənubi Amerika ölkəsindəki vəziyyətin pisləşməsi səbəbilə Venesuelada qalan bütün səfirlik işçilərini geri çağırır.
Qeyri-fövqəladə heyət yanvar ayında prezident Nikolas Maduro Vaşinqtonla bütün əlaqələri kəsdikdən və Donald Tramp Xuan Quaydonu keçid dövrü prezidenti kimi tanıdıqdan sonra Venesuelanı tərk edib.
ABŞ səfirliyinin bağlanması Maduronun Venesuelada altı gündür davam edən elektrik kəsilməsinin arxasında Birləşmiş Ştatların durduğunu təkrar bildirdiyi bir vaxt elan edilir.
Rabitədə yaranmış çətinliyə görə Venesuelada ölüm və oğurluq halları haqda məlumatları təsdiqləmək də çətindir.
Prezident Maduro ABŞ-ı və Venesuela müxalifətini elektrik kəsilməsində günahlandıraraq, hidroelektrik stansiyasına kiber hücumda ittiham edib.
"Elektrik sisteminə hücumun əsas strategiyası insanları daha pis şəraitə sürükləmək və Venesuelalıları bir-birilərinə qarşı yönəltməkdən ibarətdir. BU, baş verməyəcək. Bizim həqiqətən də çox yüksək şüurumuz, səbrimiz, xalqımızda həmrəylik ruhu var. İnsanların nümayiş etdirdiyi əməkdaşlıq diqqətəlayiqdir. Biz əməkdaşlıq, cəmiyyətdə sülh içində dinc yanaşı yaşamaq, həmrəylik və qarşılıqlı dəstək mesajını genişləndirməliyik", Venesuela prezidenti Nikolas Maduro bildirib.
Müxalifət lideri və özünü keçid dövrü prezidenti elan edən Xuan Quaydo isə elektirikin kəsilməsinin səbəbini hökümət səviyyəsində korrupsiya və pis idarə olunmada görür.
ABŞ elektrik kəsilməsi ilə hər hansı əlaqəni rədd edib. Dövlət katibi Mayk Pompeo bazar ertəsi Kuba və Rusiyanı Maduro rejimini dəstəyə görə kəskin tənqid edib.
"Maduro höküməti hər gün Kubaya 50 min barrel neft göndərir. Maduronun kubasayağı repressiya təcrübəsinə, Kubanın isə öz sosialist iqtisadiyyatını saxlamaq üçün bu ucuz Venesuela enerjisinə ehtiyacı var”, ABŞ dövlət katibi Mayk Pompeo deyib.
Pompeo əlavə edib ki, Rusiya Venesuelada qanunun aliliyi və rifaha hörmətsizlik göstərməkdə Kubaya qoşulur.
ABŞ bazar ertəsi Venesuelaya qarşı sanksiyaları genişləndirib. Hazırda Venesuela və Rusiya hökümətlərinin birgə sahib olduğu Moskvadakı bank da sanksiyalar altındadır.
ABŞ-ın Maliyyə Nazirliyi bankın Maduronun müvəffəqiyyətsiz cəhdlərinə dəstək verərək, Venesuelaya qarşı daha əvvəl tətbiq olunan sanksiyalardan yayınmağa çalışdığını bildirib.