Accessibility links

ABŞ tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırır, Tramp bəyanat verdi


ABŞ Dövlət Departamentinin bazar günü açıqladığı bəyanatda Birləşmiş Ştatların "Dağlıq Qarabağda münaqişə bölgəsində təmas xətti boyu mülki şəxslər də daxil olmaqla, əhəmiyyətli itki ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlardan narahatlığı" ifadə edilib. ABŞ ölən və yaralananların ailələrinə başsağlığı verib.

“Birləşmiş Ştatlar zorakılıqların eskalasiyasını ən kəskin şəkildə qınayır. Dövlət katibinin müavini [Stefen] Biqun Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakyana zəng edərək, tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, eskalasiyanın daha da artırılmasına yol verməmək üçün mövcud birbaşa kommunikasiya kanallarından istifadə etməyə və yerlərdə gərginliyi artıran yararsız ritorika və hərəkətlərə yol verməməyə çağırıb,” bəyanatda bildirilir.

ABŞ həmçinin “xarici qüvvələrin eskalasiyada iştirakının problemin həllinə kömək etmədiyinə inamını” ifadə edib.

“Biz tərəfləri ən qısa müddətdə substantiv danışıqlara qayıtmaq üçün Minsk Qrupunun həmsədrləri ilə işləməyə çağırırıq. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, münaqişənin sülh yolu ilə və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır,” ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin zorakılıqlara son qoymağa çalışacağını bildirib.

"Biz buna çox güclü şəkildə baxırıq," Tramp bazar günü mətbuat konfransında bildirib. "Bizim həmin zonada çoxlu yaxşı münasibətlərimiz var. Baxaq görək bunu dayandıra bilərikmi," o, əlavə edib.

ATƏT-in Minsk qrupu həmsədrləri bundan öncə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.

Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırır.

“Biz güc tətbiqini qınayır və mülki şəxslər də daxil olmaqla, insan itkisindən təəssüfümüzü bildiririk. Həmsədrlər tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırır və münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını bəyan edirlər,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG