Bayden administrasiyası şənbə günü Respublikaçı sələfinin sərt mühacirət siyasətinin dəyişdirilməsi səyləri çərçivəsində Tramp dövründə Salvador, Qvatemala və Hondurasla əldə edilmiş sığınacaq haqda müqavilələrin dərhal dayandırıldığını bildirib.
Dövlət katibi Entony Blinken açıqladığı bəyanatda ABŞ-ın “prezident Bayden tərəfindən müəyyənləşdirildiyi kimi regionda daha yaxın tərəfdaşlıq və əməkdaşlığa doğru ilk konkret addım olaraq, Salvador, Qvatemala və Honduras hökumətləri ilə sığınacaq verilməsinə dair müqavilələri dayandırdığını və sona çatdırdığını” bildirib.
Tramp administrasiyası və Mərkəzi Amerika ölkələri tərəfindən 2019-cu ildə imzalanan "təhlükəsiz üçüncü ölkə" haqda müqavilələrə əsasən, bu regiondan ABŞ-da sığınacaq üçün müraciət edən şəxslər əvvəlcə həmin ölkələrdən sığınacaq istəməlidir.
Dövlət Departamentinin şənbə günü bildirdiyinə görə, Trampın Mərkəzi Amerika ölkələrindən ABŞ-Meksika sərhədində saxlanılan miqrantların əhəmiyyətli bir hissəsini təşkil edən qeyri-qanuni immiqrasiyanın qarşısını almaq səylərinin bir hissəsi olan bu siyasət Salvador və Hondurasla əlaqədar olaraq heç vaxt tətbiq olunmayıb.
Bəyanatda bildirilir ki, ABŞ-Qvatemala müqaviləsi çərçivəsində təhvil verilmə proseduru pandemiya səbəbindən 2020-ci il mart ayının ortalarından etibarən dayandırılıb.
Bu addımlar Baydenin keçən həftə ABŞ-Meksika sərhədində bölünmüş ailələri birləşdirmək üçün işçi qrupun yaradılması və illik qaçqın kvotalarında artım da daxil olmaqla, ABŞ-ın immiqrasiya sisteminin yenidən təşkili üçün bir sıra tədbirləri açıqlamasından sonra elan edilib.
Sərəncamlardan birinə uyğun olaraq, Blinken ABŞ-ın təhlükəsiz üçüncü ölkələrə dair müqavilələri dayandırmaq və ləğv etmək niyyətində olduğu barədə üç ölkənin hökumətlərini xəbərdar etməyin məqsədəuyğun olub-olmadığını “nəzərdən keçirməli” idi. Öz növbəsində, Daxili Təhlükəsizlik naziri və Baş prokuror da bu razılaşmaların həyata keçirilməsinə dair qərarın ləğv edilib-edilməməsini nəzərdən keçirməyə çağırılıb.