ABŞ cümə günü rəsmi olaraq Paris iqlim sazişinə yenidən qoşuldu. Bununla da növbəti 30 il ərzində karbon tullantılarının kəskin azaldılmasını planlaşdıran Bayden administrasiyası iqlim dəyişikliyinə qarşı qlobal mübarizəni gücləndirib.
Alimlər və xarici diplomatlar ABŞ-ın Baydenin prezident vəzifəsinə başladığı ilk gündə imzaladığı sərəncamdan 30 gün sonra rəsmi şəkildə Paris İqlim müqaviləsinə geri dönməsini məmnuniyyətlə qarşılayıb.
ABŞ fəlakətli iqlim dəyişikliyinin qarşısını almaq üçün 200-ə yaxın ölkənin 2015-ci ildə bağladığı müqavilədən ayrılan ilk və yeganə ölkə idi. Keçmiş Prezident Donald Tramp bu addımı iqlimlə bağlı tədbirlərin baha başa gələcəyini iddia edərək atmışdı.
ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Müşaviri Con Kerri cümə günü ABŞ-ın müqaviləyə yenidən qoşulmasına həsr olunmuş virtual tədbirdə iştirak edəcək. Tədbirə həmçinin Britaniya və İtaliyadakı səfirlər, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və BMT-nin iqlim təşəbbüsləri üzrə elçisi Maykl Bloomberqdə qoşulacaq.
Bayden 2050-ci ilə qədər ABŞ-ın tam olaraq sıfır karbon tullantıları səviyyəsinə çatmasına söz verib. Alimlər bu hədəfin lazımlı olduğunu vurğulayır. Onlar eyni zamanda qlobal istiləşmənin ən dağıdıcı təsirlərinin qarşısını almaq üçün qlobal emissiyaların 2030-cu ilə qədər yarıya enməli olduğunu da bildirirlər.
Con Kerri Baydenin daxili iqlim müşaviri Gina MakKarti ilə birlikdə hidrokarbon yanacaqlardan tükənməyən enerji mənbələrinə keçidi sürətləndirmək məqsədi ilə yeni qaydalar hazılayırlar.
Bu tədbirlər 22 aprel tarxində Vaşinqtonun ev sahibliyi edəcək qlobal iqlim liderləri sammitindən əvvəl elan olacaq emissiyaların azaldılması hədəfinin əsasını təşkil edir.
ABŞ-ın qlobal danışıqlara qayıtması ilə əlaqədar həyəcana baxmayaraq, iqlim danışıqları məsələsinə gediləcək yol asan olmayacaq. Baydenin iqlim hədəfləri ABŞ-dakı siyasi problemlər, neft şirkətlərinin qarşı çıxması və xarici liderlər arasında ABŞ-ın iqlim siyasətinin dəyişməsi kimi bəzi narahatlıqlarla qarşılanır.