ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin çərşənbə axşamı açıqladığı məlumata görə, ölkənin bəzi bölgələrində koronavirusa yoluxma hallarının sayı rəsmi olaraq bildirildiyindən 2 ilə 13 dəfə çoxdur.
Mərkəzin bu məlumatı Nyu-York, Cənubi Florida, Missuri, Qərbi Yuta və Vaşinqton ştatları da daxil olmaqla, 10 coğrafi bölgədə müntəzəm olaraq kliniki müayinələrdən keçən insanlardan götürülən qan nümunələrinin nəticələrinə əsaslanaraq açıqlayıb. Məsələn, Missuridə faktiki yoluxmaların təxmin edilən sayı təsdiqlənmiş halların sayından 13 dəfə çox, Yuta ştatında isə azı 2 dəfə çoxdur.
JAMA Internal Medicine` veb saytına da yerləşdirilən araşdırmanın müəllifləri yoluxmuş insanların çoxunun yüngül simptomları olduğu və ya ümumiyyətlə olmadığı üçün tibbi yardıma müraciət etmədiklərini, testdən keçmədiklərini, buna görə də digərlərini yoluxdurduqlarını deyib. Yoluxmuş insanların azı 40 faizində simptomlar inkişaf etmir.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları eyni zamanda may ayının sonunda Amerika Birləşmiş Ştatlarının bir çox bölgəsində az sayda insanın koronavirus anti-cisimlərini daşıdığını və bunun əhalinin əksəriyyətinin yoluxma riskinin yüksək olduğunu göstərdiyini bildirib.
Virusun ilkin episentri olan Nyu-Yorkda əhalinin 24 faizində anti-cisimlər aşkar edilib. Alimlərin dediyinə görə, bu göstərici insanların koronavirusdan müdafiəsi üçün immunitet səviyyəsindən 60% aşağıdır.
Yoluxanların sayı ölkənin digər bölgələrində də daha aşağı idi - Filadelfiyada 3,6, Missuri ştatında 2,8, Yutada isə cəmi 1,1 faiz.