Accessibility links

Əbu-Dabidə “Güney Azərbaycan İran deyil!” plakatı [Videolar]


Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində əllərində plakat və bayraqlarla İran İslam Respublikası əleyinə şüarlar səsləndirən Azərbaycan milli fəalları və İran hökümətinin məmurları olduqları söylənilən şəxslər arasında qarşıdurma baş verib.

Azərbaycan veb səhifələrinin yazdığına görə, aprelin 24-də Təbrizin Traktorsazi və Əbu-Dabinin Əl-Cəzirə komandaları arasında keçirilən matçı izləmək üçün Türkiyə və Avropa ölkələrindən Əmirliklərə səfər edən azərbaycanlı fəallar Məhəmməd Bin Zayid stadionunda əllərində Azərbaycan Respublikası və Türkiyə bayraqları ilə Tıraxtur komandasını alqışlayıb və milli şuarlar səsləndirib.

Dünya Azərbaycanlıları Konqresinin fəallarından Səftər Rəhimlinin “Yeni Müsavat”a verdiyi xəbərə görə, stadiona giriş zamanı mühafizəçilərlə “Traxtur”un azarkeşləri arasında gərginlik yaşanıb.

“Azərbaycan bayraqlarını, plakatlarımızı içəri keçirməyimizə imkan vermirdilər. Plakatlarımızda türkcə və ingiliscə “Güney Azərbaycan İran deyil” yazılmışdı. Stadiona İran xüsusi xidmət orqanlarının əməkdaşları da yerləşdirilmişdi. Bu şəxslərin əmirlik polisinə müraciətlərindən sonra “Traxtur”un azarkeşləri xüsusi nəzarətə götürülmüşdü”.

Stadionda Dünya Azərbaycanlıları Konqresinin sədri Mirəşrəf Fətiyevə də basqılar olub. Polis İran təhlükəsizlik orqanlarının təhriki ilə Mirəşrəf Fətiyevə hücum edərək onu stadiondan çıxarmaq istəyib. Ancaq Təbriz komandası azarkeşlərinin səyi ilə bu mümkün olmayıb. Bundan sonra “Traxtur"un tərəfdarları səsgücləndirici ilə Azərbaycan Respublikasının dövlət himnini oxuyub.

Matç başa çatandan sonra azarkeşlər futbolu yayımlayan media təmsilçilərinin qarşısında rəsmi Tehranın türklərə qarşı siyasətini sərt tənqid edən şüarlar səsləndirib. İranın BƏƏ-dəki səfiri və səfirliyin bəzi əməkdaşların olaya müdaxiləsi durumu daha da gərginləşdirib. Hətta məsələ əlbəyaxa döyüşə qədər ciddiləşib. Təbriz komandasının azarkeşləri ilə İran rəsmilərinin toqquşması zamanı İranın BƏƏ-dəki səfiri də xəsarət alıb.

Olay çoxsaylı media təmsilçilərinin gözü qarşısında baş verdiyindən polis xüsusi güc tətbiq etməyə ehtiyatlanıb. Azərbaycan milli fəallarının stadionun önündə İrana qarşı şüarlar səsləndirməsinə imkan yaradılıb.

Xəbər saytları və Youtube-da yüklənən videoda matç bitdikdən sonra stadion yaxınlığında üzərində İngilis dilində “Güney Azərbaycan İran deyil!” yazılmış böyük plakat, “Azərbaycan bir olsun, istəməyən kor olsun!” kimi şuarlar səsləndirildiyi nümayiş edilir.

Asiya Çempionlar Liqası oyunları çərçivəsində keçirilən bu futbol matçı 2:0 hesabı ilə Əl-Cəzirə klubunun xeyrinə sona çatıb.


XS
SM
MD
LG