Prezident Obama ilə Ağ Evdə görüşən ABŞ biznes liderləri qanunvericilərin borc limitini qaldırmadığı və hökumətin uzun müddət bağlı qaldığı halda bunun ciddi nəticələri olacağı ilə bağlı xəbərdarlıq edib.
Görüşdən sonra Goldman Sachs maliyyə şirkətinin icraçı direktoru Lloyd Blankfayn müxbirlərə deyib ki, Maliyyə Xidmətləri Forumuna daxil olan şirkətlərin liderləri ölkənin borc limitinin qaldırılmasının olduqca ciddi nəticələri ola biləcəyi məsələsində yekdil fikrə malikdir.
Lloyd Blankfayn Maliyyə Xidmətləri Forumunun başçısı, Bank of America maliyyə korporasiyasının icraçı direktoru Brayan Moynihan isə qrupun vitse-prezidentidir.
ABŞ-ın Maliyyə naziri Cak Lyü bildirib ki, Konqres ölkənin hazırda 16.7 trilyon dollarlıq borc limitini qaldırmasa, oktyabrın 17-dən başlayaraq hökumətin borclarını ödəmək üçün maliyyəsi bitəcək.
ABŞ hökumət idarələrinin bir hissəsi Konqresin iki palatası oktyabrın 1-i maliyyə ilinin başlamasına qədər büdcə xərclərinə dair qanun layihəsini təsdiq etmədiyi üçün fəaliyyətini dayandırıb. Prezident Obama respublikaçıları ölkə iqtisadiyyatını onun sözlərilə, “girov vəziyyətində” saxlamaqda günahlandırıb.