Azərbaycan Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın "Boots&Coots" şirkətinin mütəxəssisləri “Günəşli” yatağındakı 10 saylı platformada baş vermiş yanğının söndürülməsini davam etdirirlər.
Dekabrın 4-də baş vermiş yanğın 5-6 quyunu əhatə edib. Onlardan yalnız birini söndürmək mümkün olub. Bu barədə SOCAR-dakı mənbə bildirib.
“Boots&Coots” şirkətinin mütəxəssisləri platformada yanğının söndürülməsinə dair plan hazırlayıblar. Həmin şirkətə məxsus avadanlıqlar gəmilərlə özülə çatdırılıb və hazırda bu qurğuların boşaldılması işi aparılır.
Xatırladaq ki, “Boots&Coots” şirkətinin mütəxəssisləri “Bulla Dəniz” qaz yatağında 9 həftədən çox davam etmiş yanğının söndürülməsində də iştirak ediblər.
Həmçinin yanğın nəticəsində itkin düşmüş 23 neftçinin, eləcə də “Neft Daşları” platformasının üç əməkdaşının axtarışları davam etdirilir.