Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ABŞ Konqresində Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə qarşı sanksiyaları nəzərdə tutan “2015 Azərbaycan Demokratiya Aktı” layihəsinin müzakirəyə çıxarılacağı narahatlığı ilə Konqresə müraciət ünvanlayıb. Qanun layihəsini ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit hazırlayıb.
Sənəddə konqresə təqdim edilən layihədə Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması ilə bağlı mülahizələrə narazılıq ifadə edilir, Azərbaycandakı tolerantlıq mühitinə qarşı “qərəzli kampaniya” adlandırılır.
ABŞ Konpresmenlərinin Azərbaycandakı dini mühiti yaxşı bildikləri halda belə sənədin Kapitoliyə təqdim olunmasını müəlliflər anlaşılmazlıq sayırlar.
“Biz bunu müəllifin məlumatsızlığı sayardıq, amma indi dünyada informasiya əldə etmək imkanları bu fikri istisna edir”, sənəddə qeyd edilir.
Müraciətdə ölkədəki müsəlman məscidləri, xristian kilsələri, yəhudi sinaqoqları və alban-udin kilsələrinin yanaşı fəaliyyət göstərdikləri vurğulanır. Bununla yanaşı, dini rəhbərlər ölkədə keçirilmiş çoxsaylı beyənlxalq dini tədbirləri də tolerantlıq nümunəsi kimi təqdim edirlər. Bakıda erməni qriqoryan kilsəsinin belə qorunduğu nəzərə çatdırılır.
Sənəddə konqresə təqdim edilən qanun layihəsində Azərbaycanda baptistlərin, yeddinci gün adventistlərinin, “Pentecostals” nümayəndələrinin leqal statusa malik olmamaları və acınacaqlı durumda olmalarına da cavab verilir.
“Bununla bağlı bildiririk ki, bu cərəyanların nümayəndələri icma deyil, fərdi şəkildə fəaliyyət göstərirlər”, müraciətdə deyilir.
“2015 Azərbaycan Demokratiya Aktı” layihəsində Azərbaycanda çoxsaylı dini məhbuslar olması ilə bağlı müddəaya gəldikdə, dini kofessiyaların rəhbərləri həmin şəxslərin dini fəaliyyətə görə yox, terrora, dövlət çevrilişinə cəhdə görə həbs olunduqlarını iddia edirlər. Müəlliflər bu şəxslərin “vicdan məhbusları” adlandırılmasına da etiraz bildirir.
“Sizi əmin edirik ki, Azərbaycanda mövcud olan tolerantlıq mühiti sözdə yox, əməldədir və canlı nümunə müraciətin altındakı imzalardır. Biz heç zaman Azərbaycanda dini zəmində qarşıdurma yaşamamışıq və buna yol verməmişik. Bu tolerantlıq bizim ruhumuzda, qanımızdadır”, dini konfensiya rəhbərləri qeyd edir.
Son olaraq, konfensiya rəhbərləri konqresmenlərə layihənin müzakirəsi zamanı mövqelərini nəzərə alaraq düzgün qərar verəcəklərinə inanmaq istədiklərini bəyan edirlər.
Müraciəti Şeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri, Aleksandr - Bakı və Azərbaycan arxiyepiskopu, Vladimir Fekete - Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi, Milih Yevdayev - Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri, Gennadi Zelmanoviç - Avropa yəhudilərinin Bakı icmasının rəhbəri, Robert Mobili - Alban-udin xristian dini icmasının sədri imzlayıb.