Vyetnam paytaxt Hanoyda ABŞ prezidenti Barak Obama ilə birgə mətbuat konfransında prezident Tran Day Quanq gözlənilməz məlumat bölüşüb. O deyib ki, ABŞ uzun illərdir Vyetnama qarşı tətbiq etdiyi silah embarqosunu ləğv edir.
Quanqın sözlərinə görə, Vaşinqton və Hanoy tərəfdaşlığını gücləndirməyə, hərbi əməkdaşlıq, ticarət, səhiyyə və xalqlararası mübadilə proqramınlarını daha da yaxşılaşdırmağa dair razılıq əldə edib. Quanq bu addımı "ağrılı səhifə"nin sonu adlandıraraq alqışlayıb.
Öz növbəsində prezident Obama da mətbuata məlumatı təsdiqləyib: "ABŞ son 50 ilə yaxındır qüvvədə olan Vyetnama hərbi təchizat satışı embarqosunu tam ləğv edir". Ancaq o əlavə edərək bildirib ki, satış üçün Vyetnam bəzi sərt tələblərə əməl etməlidir. O, bu tələblərə insan haqlarının da daxil olduğunu deyib.
Prezident Obamanın sözlərinə görə, ötən bir əsr boyu ABŞ və Vyetnam münaqişə və əməkdaşlıq dövrlərindən keçib və təxminən son 20 ildə əlaqələrin normallaşmasından sonra münasibətlər yeni mərhələyə daxil olur.
Obama jurnalistin sualına cavabında isə bu qərarın Çinlə əlaqəsinin olmadığını bildirib.
Onun sözlərinə görə, bu, sabiq müharibə məhbusu respublikaçı senator Con Makkeyn də daxil olmaqla Vyetnam Müharibəsi veteranlarının illər öncə başlatdığı və uzun sürən ehtiyacın nəticəsində baş tutub.