Ağ Ev deyib ki, onlar yalnız Pxenyanın saxladığı üç amerikalının azad edilməsi müzakirə ediləcəyi halda Şimali Koreya ilə danışıqlarda maraqlı ola bilər.
Bu bəyanat dövlət katibi Reks Tillersonun ABŞ və Şimali Koreya arasında ilə birbaşa kommunikasiya kanalının mövcudluğu və Amerika rəsmilərinin dialoq axtarışında olduğunu deməsindən sonraya təsadüf edir.
Lakin Tillersonun qeydinin əhəmiyyəti prezident Tramp tərəfindən kiçildildi. ABŞ prezidenti Tillersonun Şimali Koreya lideri ilə müzakirələr keçirilməsi səylərini boşa sərf edilmiş vaxt adlandırıb.
Ağ Evin isə dövlət katibinin qeydləri ilə bağlı cavabı belə oldu.
Ağ Ev mətbuat katibi Sara Sanders: “Əgər belə bir müzakirə baş versə, bu yalnız saxlanılan amerikalıların geri qaytarılması haqqında ola bilər. Bu, administrasiyanın müzakirə etmək istədiyi yeganə mövzudur. Ondan başqa, indiki zamanda Şimali Koreya ilə müzakirə ediləcək başqa bir mövzu yoxdur.”
Trampın sözlərinə baxmayaraq, Ağ Ev bazar ertəsi bildirib ki, prezident Tillersondan tam əmindir.