Floridanın Orlando şəhərində bazar günü gecə klubunda baş verən silahlı hücumdan sonra dünya ölkələrində hadisə qurbanları anılır. Hadisəyə reaksiyalar silaha nəzarətdən tutmuş radikal təbliğata qarşı tədbirlərin görülməsi kimi çağırışları əhatə edir.
Amerikalılar və dünya ölkələrinin vətəndaşları Florida ştatında gecə klubunda baş vermiş qətl nəticəsində həlak olanların xatirəsini anır.
Birləşmiş Ştatlar lesbian, gey, biseksual və transgender insanların təhlükəsizliyinin təmin olunması üçün BMT-yə müraciət edib. Təşkilata üzv ölkələrin 70-dən çoxunda homoseksual olmaq cinayət sayılır.
Deyvid Pressman: “Əgər biz bu qədər insanın qətlini pisləməklə birlik göstəririksə, o zaman təkcə onları qətlə yetirən terrorçuları qınamaq deyil, onların kimi sevməsindən asılı olmayaraq, bütün insanların ləyaqətinin müdafiə edilməsi kimi əsas prinsip ətrafında birləşməliyik.”
Hadisəni törədən Ömər Mətinla bağlı yeni məlumatlar əldə edilib. Federal Təhqiqatlar Bürosu onun terrorçu qrupları dəstəkləməsi ilə bağlı 2013 və 2014-cü illərdə təhqiqat aparıb. Lakin onun birbaşa terrorçu qruplarla əlaqəsi olduğuna dair heç bir dəlil əldə etməyib.
Ceyms Komey: “O, eyni zamanda Boston marafonunda hücumçular və Suriyada İŞİD-lə münaqişədə olan Əl-Nüsra qrupunun üzvü kimi özünü partladaraq öldürən Florida sakini ilə həmrəy olduğunu bildirib. Boston marafonunda bomba hücumçuları və Floridadan olan intiharçı İŞİD tərəfindən həvəsləndirilməyib. Buna görə də onun motivlərinə bir qədər qarışıqlıq gətirir.”
Prezident Barak Obama bildirib ki, Mətin internet vasitəsi ilə yayılmış radikal təbliğatın təsiri altına düşüb.
Barak Obama: “Bizim üzləşdiyimiz ən böyük sınaqlardan biri internetdə bu kimi təbliğat və İslamın təhrif olunması və bunun problemli insanlara göstərdiyi təsirlə bağlıdır.”
Mətinin atası Saddiq Mətin açıqladığı bəyanatda oğlunun motivləri və planı haqda heç bir məlumatı olmadığını deyib.
Saddiq Mətin: “Mən onun etdiklərini qəbul etmirəm. Onun etdiklərini terror aktıdır.”
Orlando hücumunu törədən şəxs Floridanın digər şəhərində mühafizəçi işləyib.