Accessibility links

Abbas Lisani xəstəxanaya yerləşdirilib


Ərdəbil həbsxanasında saxlanılan tanınmış milli fəal Abbas Lisaninin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bölgədə fəaliyyət göstərən insan haqları fəallarının yaydığı məlumatına görə, mayın 25-də Lisani sağlamlıq durumunun pisləşməsi ilə xəstəxanaya köçürülüb.

HRA xəbər agentliyi bir mənbəyə istinadən, Lisaninin son günlər ərzində şiddətli bel və diz ağrılarından əziyyət çəkdiyi və həbsxana həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicələrin işə yaramadığını bildirib.

COVID-19-un İran həbsxanalarında yayılmasının qarşısının alınması üçün alınan tədbirlərə görə, məhbuslar daha uzun müddətli məzuniyyətlərə göndərilsə də, Abbas Lisani pandemiyanın başından bəri məzuniyyətə buraxılmayıb.

Bundan neçə gün əvvəl insan hüquqları üzrə fəaliyyət göstərən Ərk Cəmiyyəti Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi ilə bağlı İrandakı İnsan Haqları üzrə xüsusi məruzəçisinə məktub ünvanlamışdı.

Pandemiyanın başından bəri İran həbsxanalarında dəfələrlə Koronavirusa yoluxma halları müşahidə edilsə də, məhkəmə sistemi və həbsxana rəsmiləri lazımı girov məbləği təmin edildiyi halda bəzi siyasi məhbusları məzuniyyətə buraxmaqdan imtina edirlər.

Abbas Lisani Pandemiya dövründə digər məhbuslara verilən məzuniyyət haqqından məhrum edilərək müxtəlif şəkillərdə təzyiqlərə məruz qalıb. O, qardaşı vəfat etdiyi zaman məzuniyyətə buraxılmayıb, həmçinin bir dönəm ailəsi ilə telefon görüşməsinə qadağa qoyulub.

2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi. Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgünə yüksəldilmişdi. Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşdi.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda həbs cəzalarını azaltma qanun maddəsindən faydalanmasını rədd etmişdi.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladaraq, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

XS
SM
MD
LG