Accessibility links

Abbas Lisani ona qoyulmuş qadağalara etiraz olaraq oturaq aksiya keçirib


Ərdəbil həbsxanasında saxlanılan güneyli milli fəal Abbas Lisani ona qoyulmuş qadağalara etiraz olaraq 5 saat müddətində oturaq aksiyası keçirib.

Bu barədə insan hüquqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyətinin yayımladığı məlumatda bildirilir.

Noyabrın 20-də Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan azərbaycanlı milli fəal Abbas Lisani ona qoyulmuş qadağalara etiraz olaraq, həbsxananın gözətçi zabitinin ofisində 5 saat müddətində oturaq etiraz aksiyası keçirib.

Abbas Lisani ilə eyni bölmədə saxlanılan məhbusların verdiyi məlumatlara əsasən, Ərdəbil həbsxanasının rəsmiləri milli fəalın etirazdan vaz keçməsi üçün siyasi məhbusa açıqlama vermək məcburiyyətində qalıb.

Onlar Ərdəbil Prokuroru Əbdullah Təbatəbayi tərəfindən milli fəalın telefon əlaqələrinə qadağa qoyulması barədə yazılmış bir məktubu göstərərək, siyasi məhbusun qohumları tərəfindən ziyarət edilməsi ilə əlaqədar qoyulan qadağanın qaldırılmış olduğunu, ancaq hələ telefon əlaqələrinə qoyulan qadağanın davam edəcəyini söyləyiblər.

Abbas Lisaniyə qarşı tətbiq edilən qadağaların Ərdəbil vilayətinin kəşfiyyat idarəsinin rəisi, vilayət ədliyyəsinin baş direktoru Nasir Ətəbati və Ərdəbil prokuroru Seyid Əbdullah Təbatəbayinin təşəbbüsü ilə həyata keçirildiyi bildirilir.

Bu, son iki ayda Lisaniyə qarşı ikinci dəfədir ki, belə bir qadağa qoyulur. Daha öncə Qarabağ müharibəsinin ilk günlərində də o, ailəsi ilə görüşmək və telefonla danışmaq hüququndan məhrum edilmişdi.

Ötən ilin əvvəllərində Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Abbas Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi. Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgünə yüksəldildi.

Milli fəalın İranın Ali Məhkəməsinə şikayəti bu məhkəmə tərəfindən təmin edilmədi və nəhayət 15 il həbs və 2 il sürgün cəzasının qəti olması iyul ayının 4-də milli fəalın vəkilinə bildirildi.

Güneyli siyasi məhbus keçən ilin dekabr ayının 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciəti zamanı təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Ərdəbil həbsxanasına köçürülüb və o vaxtdan bəri bu həbsxanada saxlanılır.

Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində qeyri-qanuni qruplaşmada iştirak etmə və ölkə təhlükəsziliyini pozmaq kimi ittihamları ilə mühakimə edilmişdi.

Beynəlxalq Amnistiya Təşkilatı Abbas Lisaniyə verilən cəzanı siyasi adlandıraraq, onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

Abbas Lisaniyə məhkəmə prosesi zamanı müvəqqəti azadlığa buraxılmasına icazə verilməyib və eyni zamanda bu milli fəal Covid-19 xəstəliyi əsnasında İranda məhkumlara verilən məzuniyyətdən, həmçinin məhkumların birinci dərəcəli qohumlarının ölümü ilə əlaqədar verilən təcili məzuniyyətdən istifadə etmək hüququndan məhrum edilib.

XS
SM
MD
LG