Güneyli siyasi məhbus Abbas Lisani müalicə olmaq üçün Ərdəbil həbsxanasından məzuniyyətə buraxılıb.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Lisani 13 fevralda tibbi ekspert komissiyasının rəyi ilə 6 ay müddətində həbsxanadan kənar müalicə almaq üçün məzuniyyətə buraxılıb.
Azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də və noyabrın 4-də müayinə üçün tibbi ekspertizaya göndərilmişdi.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyində yayımlanan məlumata görə, tibbi ekspert komissiyasının rəyində bel fəqərəarası disk yırtıqlarının müalicəsi üçün əməliyyat olunmasının zəruriliyi qeyd edilib. Ərdəbilli milli fəal Lisani keçən il mayın 25-də sağlamlıq durumunun pisləşməsinin ardından xəstəxanaya köçürülmüşdü. Siyasi məhbusun şiddətli bel və diz ağrılarından əziyyət çəkdiyi bildirilmişdi.
Abbas Lisani 2019-cu ilin yanvarında Ərdəbil Məhkəməsinə müraciət etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil həbsxanasına köçürülüb. Həbs müddətində Lisani dəfələrlə müayinə üçün həbsxanadan kənar xəstəxanalara aparılıb. Siyasi məhbusun sağlamlıq durumunun yaxşı olmamasına baxmayaraq, dəfələrlə həbs müddətində müxtəlif təzyiqlərə qarşı aclıq aksiyası keçirib.
Həmçinin türk fəal həbs edildikdən bəri onurğa və diz bölgəsindən çəkdiyi əziyyətdən əlavə ürək-damar çatışmazlığı və yüksək qan təzyiqi kimi xəstəliklərdən də əziyyət çəkdiyi bildirilir.
Abbas Lisani 2019-cu ildə ilkin məhkəmə tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup yaratmaq” ittihamından günahkar tanınıb 8 il həbs və 2 il sürgünə məhkum edilsə də, daha sonra Apellyasiya Məhkəməsi Lisaninin həbs hökmünü cəmi 15 ilə yüksəldib. Fəalın Apellyasiya Məhkəməsinin verdiyi hökmə şikayəti İran Ali Məhkəməsi tərəfindən təmin edilmədi.