Accessibility links

Abbas Hüseynovun anası: 'Biz terrorçu deyilik, əsl müsəlmanıq'


Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynov dekabrın 20-də Qobustandakı qapalı həbsxanadan birbaşa Bakı Apellyasiya Məhkəməsinə gətirilib. Onun ötən il həbsxanada işgəncəyə məruz qalması barədə apellyasiya şikayətinə baxılıb.

Qapalı keçirilən məhkəmədə Abbas Hüseynov işgəncələrə məruz qaldığını, əllərinin qandallanıb döyüldüyünü, dəmir boruya bağlanıb, saatlarla açıq havada saxlandığını danışıb. Deyib ki, ona verilən işgəncələri cəmiyyətə çatdırdığına görə vəkili Yalçın İmanov Vəkillər Kollegiyasından kənarlaşdırılıb. Bu barədə AzadlıqRadiosuna Abbas Hüseynovun anası Rəhimə Hüseynova bildirib:

"Abbasa verilən işgəncələri ört-basdır eləmək istəyirdilər. Yalçın İmanov buna imkan vermədi, ona görə onu cəzalandırıb vəkillik fəaliyyətinə xitam verdilər. Əgər belə olmasaydı, prokurorluq və məhkəmələr işgəncə şikayətlərini obyektiv araşdırardılar, ədalətli qərar verərdilər. Vəkil məsələni ictimailəşdirəndən sonra Ombudsmanın işçiləri, Penitensiar Xidmətin əməkdaşları gedib, Abbasın üzərində olan işgəncə izlərini öz gözləriylə görüblər. Bütün bunlara baxmayaraq, utanmaz-utanmaz rəy verildi ki, işgəncə şikayəti sübuta yetirilməyib. Abbas bütün bunların hamısını hakimə danışıb, amma nə xeyri?".

Rəhimə Hüseynova
Rəhimə Hüseynova

Abbas Hüseynovun həbsxanada işgəncəyə məruz qalması barədə şikayətinə baxan prokurorluq işgəncə iddiasının təsdiqlənməməsi əsasıyla cinayət işi başlamaqdan imtina edib. Prokurorluğun qərarından məhkəməyə şikayət olunub. Amma Qaradağ Rayon Məhkəməsi də prokurorluğun qərarını haqlı sayaraq şikayəti rədd edib. Həmin qərardan apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində hakimi Kamran Əkbərov şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Rəhimə Hüseynova deyir ki, bu məhkəmədən də ədalətli qərar gözləntisi yox idi: "Avropa Məhkəməsinə şikayət edəcəyik. Görsünlər ki, Azərbaycanda həbsxanada insanlara necə zülm edirlər. Kasıb-kusubu döyürlər, işgəncə verirlər. İstəyirəm, bütün günahsızlar azad olunsun, oğlum da içində. Biz terrorçu-filan deyilik, əsl müsəlmanıq".

Ötən il Ombudsman Aparatından AzadlıqRadiosuna bildirilmişdi ki, Abbas Hüseynovla görüşdən sonra onun şikayətinin araşdırılması üçün onlar da öz növbələrində prokurorluğa müraciət ediblər.

Penitensiar Xidmət isə işgəncə iddialarını təkzib etmişdi.

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Avropa Məhkəməsinə şikayət edəcəyik. Görsünlər ki, Azərbaycanda həbsxanada insanlara necə zülm edirlər. Kasıb-kusubu döyürlər, işgəncə verirlər.
Rəhimə Hüseynova

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseynov birinci qrupda "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran hadisələri ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə işgəncə iddialarını təkzib edib.

(c) AzadlıqRadiosu

XS
SM
MD
LG