Accessibility links

ABŞ və Böyük Britaniya vətəndaşlarının döyülməsi ilə bağlı məhkəmə başlayıb


ABŞ və Böyük Britaniya vətəndaşlarının döyülməsi ilə bağlı məhkəmə başlayıb
ABŞ və Böyük Britaniya vətəndaşlarının döyülməsi ilə bağlı məhkəmə başlayıb

Bu il iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıb.

Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ABŞ vətəndaşı Amanda Erikson (Amanda Erickson ) və Böyük Britaniya vətəndaşı Silya Devisin (Celia Davies) döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb. İş üzrə Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) ,127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrilə ittiham edilir.

İttiham aktına görə, iyunun 15-dən 16-na keçən gecə Bakının Yasamal rayonu ərazisində amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıb. Bu şəxslər gənc qızlara hücum edərək hər hansı izahat vermədən onları döyüb. Zərərçəkmişlər hadisədən öncə bu adamların onları izlədiklərini və döyülmə nəticəsində ciddi xəsarətlər aldıqlarını bildirib.

Müttəhimlərsə özlərini təqsirli saymayıb. İfadələrində qızlarla tanış olmaq yox, sadəcə içkili olduqları üçün kömək etdiklərini deyib. Onlar bu xanımlara xəsarət, zədə yetirmədiklərini, söymədiklərini, sərxoş olmadıqlarını iddia edib. Müttəhimlər ibtidai istintaq zamanı müstəntiq tərəfindən hüquqlarının pozulduqlarını deyərək ibtidai istintaqa verdikləri ifadələrdən imtina edib. Zərəçəkmiş S.Devis ifadəsində müttəhimləri yalan danışmaqda ittiham edib. O, bu şəxslərin onları izlədiklərini və tanımadıqları bu şəxslərdən izləməyə son qoymağı tələb etdiklərini nəzərə çatdırıb. Xanım Devis bu 4 nəfərin onlara tərəf qaçaraq və əlləri ilə itələyərək, çantalarını yerə ataraq təpiklə döyməyə başladıqlarını deyib. S.Devis bu zaman sərxoş olmadığını bildirib. Zərərçəkmiş prosesdə tərcüməçinin düzgün tərcümə etməməsinə etiraz edib və bununla bağlı proses oktyabrın 13-nə kimi təxirə salınıb. A.Erikson və S.Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq etməklə birgə jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. A.Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə əməkdaşlıq edir.

XS
SM
MD
LG