Bölünmüş hökuməti vəhdət nümayiş etdirməyə çağıran prezident Barak Obama ikinci hesabat məruzəsində iqtisadi dirçəlişi başlıca prioritet elan etdi. Təqribən bir saat davam edən nitqində ABŞ lideri Demokrat və Respublikaçı qanunvericiləri ötən iki ilin umu-küsülərini arxada qoymağa səslədi: “Biz ya birlikdə irəli gedəcəyik, ya da ümumiyyətlə heç nə olmayacaq – çünki bizim üzləşdiyimiz sınaqlar bir partiyadan daha böyükdür, siyasətdən daha böyükdür,” deyə prezident Obama bəyan etdi.
Respublikaçıların Nümayəndələr Palatasına nəzarəti ələ almasından sonra bölünmüş Konqres qarşısında nitq söyləyən Demokrat lider uzun-dönəmli inkişaf naminə təkliflər paketi ilə çıxış etdi. Eyni zamanda Barak Obama Sosial Təminat və başqa dövlət xidmətlərində islahatların zəruri olduğunu deyərək maliyyə sabitliyinin vacibliyini vurğuladı. Prezidentin təklifləri sırasında təhsil, araşdırma, texnologiya və nəqliyyat sektorlarına əlavə maliyyə yatırımı xüsusi yer aldı. Hələ də iqtisadi tənəzzüldən çıxmağa çalışan Amerika xalqını prezident məsələlərə daha geniş miqyasda baxmağa dəvət etdi.
“Bu, bizim nəslin Sputnik anıdır,” deyə prezident Obama 1950-ci illərdə Sovetlərin kosmosa peyk göndərməsindən sonra Amerikada intensivləşən elmi-texnoloji səyləri xatırlatdı. “Biz ilk millətik ki, bu, ideya üzərində qurulmuşdur – həmin ideya ki, hər bir adama öz taleyini müəyyən etməyə şans verir.”
Mərkəzçi mövqeyə qayıdışın əlaməti olaraq prezident Obama Respublikaçılara ünvanlanmış güzəşt tonlu mesajlar da verdi. Siyasi opponentlərinin düşüncələrinə uyğun olaraq Demokrat lider federal xərcləri azaltmağa, ağır nizamlamaları ləğv etməyə və büdcə kəsirini aradan qaldırmağa hazır olduğunu bildirdi. Bu yönümdə artıq bir sıra addımların atıldığını önə çəkən cənab Obama federal işçilərin maaşlarının növbəti iki il ərzində dondurulduğunu misal gətirdi. O, həmçinin son ayların iqtisadi göstəricilərinə – səhm birjalarının uğuruna və korporativ gəlirlərin artmasına diqət çəkərək, iqtisadiyyatın dirçəlmək üzrə olduğunu qeyd etdi.
Barak Obama prezidentliyinin uzun-dönəmli prioritetləri sayılan məsələlərə toxunmağı da yaddan çıxarmadı. O, Konqresi mühacirət islahatları barədə qanunu qəbul etməyə səslədi. ABŞ prezidenti habelə qanunvericilərdən yolların və körpülərin təmiri üçün əlavə vəsait ayırmağı xahiş etdi.
Əvvəlki hesabat məruzələri ilə müqayisədə prezident Obamanın nitqində xarici siyasətə az yer verildi. Prezident Obama 2011-ildə ABŞ qoşunlarının İraqdan çıxarılacağını və Əfqanıstanda ekstremistlərlə mübarizədə qalib gəlməyə əzmli olduğunu bildirdi. Cənab Obama habelə bu yaxınlarda diktatoru devirmiş Tunis xalqını alqışladı və ABŞ dövlətinin tunislilərə dəstəyini izhar etdi. Rusiya ilə START müqaviləsinin imzalandığını qeyd edən cənab Obama başqa diplomatik cəbhələrdə də əməkdaşlıq ruhunun bərqərar olduğunu söylədi.
Prezident Barak Obamanın hesabat məruzəsinin ardınca Respublikaçıların cavab müraciəti ilə Konqres üzvü Pol Ryan çıxış etdi. Viskonsin ştatını təmsil edən qanunverici federal büdcə kəsirinin xeyli artmasından həyəcan təbili çaldı. Büdcə ixtisarlarını cavabdeh idarəçiliyin başlıca şərti adlandıran cənab Ryan hökumətin cəmiyyətə müdaxiləsinin minimuma endirilməsinə səslədi. “İnnovasiya, rəqabətcillik və ağıllı istehlakçı seçiminə stimul vermək üçün bürokratiyaya arxalanmaq heç vaxt işləməyib və bundan sonra da işləməyəcək,” deyə Respublikaçı Konqresmen bildirdi.