Mayın 11-də ABŞ Konqresində Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair Komissiya qarşısında Şimali Afrika və Yaxın Şərqdə vüsət alan üsyanları yaradan amillərin Mərkəzi Asiya ölkələrində müşahidə edilib-edilməməsinə dair dinləmələr keçirilib. Dinləmələrdə çıxış edən ekspertlər komissiyanın suallarını cavablandırıb.
Sovetlərin dağılmasından sonra Orta Asiya ölkələrinin son 20 ildə çətin dövrdən keçdiklərini qeyd edən ekspertlər Şimali Afrikada və Yaxın Şərq üsyanlarının yaxın zamanda Mərkəzi Asiyada təkrarlanmayacağına dair rəy bildiriblər. Buna səbəb ilk növbədə Yaxın Şərqlə Mərkəzi Asiya arasında şəxsi və texnoloji əlaqənin zəif olması, Mərkəzi Asiyada avtoritar rejimlərin aşağıdan qaynaqlana biləcək üsyanların qarşısını alacaq gücə malik olmasıdır. Yaxın Şərqdə insanlar Twitter və Facebook kimi sosial şəbəkələri fikir mübadiləsi və təşkilatçılıq üçün istifadə edir. Mərkəzi Asiyada isə əksəriyyətin internetə çıxışı məhduddur. Yerli hökumət müxbirləri həbsə almaq və cəzalandırmaqla xarici təsiri məhdudlaşdırmağa nail olub. Cənubi və Mərkəzi Asiya məsələləri üzrə dövlət katibinin müavini Robert Bleyk Helsinki komissiyası qarşısındakı çıxışında Çin və Rusiyanın Mərkəzi Asiya ölkələrindəki rejimlərin arxasında durduğunu qeyd edib.
Robert Bleyk: `Bu ölkələrin hökumətləri inqilablar barədə yayımlanan xəbərlərin qarşısını alsalar belə, bu hökumətlər və onların Çin və Rusiyadakı tərəfdaşları inqilabların bu ölkələrə də yayılacağından narahatdır. Biz artıq bu rejimlərin ən pisi hesab edilməyən Azərbaycanda belə nümayişlər müşahidə edirik.`
Robert Bleyk eyni zamanda bu ərazidə ən pis rejimlərdən biri olan Özbəkistanda da nümayişlər haqda söz-söhbət gəzdiyini qeyd edib. Əlbəttə, demokratlar məğlub edilə bilər. Avtoritar, islamçı qüvvələr və ya keçmiş rejimlər yeni formada yenidən hakimiyyətə gələ bilər. Bu kimi hadisələr Avrasiya ölkələrində demokratiya uğrunda hərəkatın ləngiməsinə səbəb ola bilər. Vaşinqton universitetində beynəlxalq araşdırmalar üzrə mütəxəssis Skot Radnitz Azərbaycanda jurnalistlər və insan hüquqları fəallarının təqibi və həbsi barədə danışıb. O, bunu da qeyd edib ki, Orta Asiya ölkələri cənub və ya qərbdən çox şimala, yəni Rusiyaya yaxındır. Xaricdə işləmək istəyən cavan nəsil ərəb dili əvəzinə inqilis və bəzən də türk dilini öyrənir. O, Azərbaycanda və Belarusiyada dinc nümayişçilərə qarşı zorakılıqların həyata keçirildiyini qeyd edib.
Skot Radnitz: "Rusiya, Qirğızıstan, Qazaxıstan, Tacikistan, Gürcüstan və Azərbaycanda hakim partiyaları möhkəmləndirmək üçün bir mənada investisiya qoyulur. İctimai toplantılar və internet fəaliyyətini monitor etmək üçün nəzarət texnologiyasından istifadə olunur. Fərdi bizneslərin dövlətin nəzarətinə keçirilməsi prosesi gedir".
20 il ərzində Qırğızıstan, Özbəkistan və Azərbaycan dövlətçiliyi üçün qəbul edilən qanunlar əksəriyyəti bu ölkələrin hakim elitasının maraqlarına xidmət edib. Amma bu elitanın ölkədə baş verə biləcək kəskin dəyişikliklərin öhdəsindən gəlmək imkanları sual altındadır. O, bu ölkələrdə Sovet təhsili almış kadrların çoxunun pensiyaya çıxdığını və ya dünyasını dəyişdiyi vaxt ciddi problemlərin başlayacağını proqnozlaşdırır.