ABŞ hərbi dəniz qüvvələrinin veteranı azərbaycanlı Jon Nəimi Əmiral yaşadığı Virciniya ştatının Norfolk şəhər şurasına seçilmək üçün mübarizəyə qoşulub. Norfolk sakini olan Nəimi Əmiral şəhər şurasının üzvü Barklay Vinlə rəqabət aparacaq.
Bu, 34 yaşlı Nəimi Əmiralın ilk siyasi kampaniyası deyil. 2009-cu ildə o, Virciniya ştatı Konqresinin Nümayəndələr Palatasına seçilmək üçün Respublikaçılar partiyasından namizədliyini irəli sürmüşdü. Kiçik fərqlə rəqibinə məğlub olan Nəimi Əmiral ABŞ-da siyasi seçki prosesində namizəd kimi iştirak edən ilk azərbaycanlılardan olmuşdur.
2011-ci ildə Virciniya ştatının qubernatoru Bob Makdonnel Con Nəimi Əmiralı Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edib.
Con Nəimi Əmiral ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyat zabitidir. 2001-ci il sentyabrın 11-də Vaşinqtonda və Nyu-Yorkda terror hücumlarından sonra o, yeni vətəni olan Amerikaya kömək etmək və Amerikanı terror hücumlarından qorumaq üçün daxili çağırışa cavab verərək ABŞ Hərbi Dəniz Qüvvələrinə yazılmışdır.
Nəimi Əmiralın göstərdiyi əla xidmət ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı tərəfindən yüksək qiymətləndilib. Bir neçə il ərzində o, zabit rütbəsi alaraq, Hərbi Dəniz Qüvvələrinin leytenantı olub. Nəimi Əmiral xidmət göstərdiyi illər bir neçə dəfə mükafatlara və medallara layiq görülüb.
ABŞ Konqresi azərbaycanlı zabitin xidmətlərini yüksək qiymətləndirərək, onun iki ölkənin xalqları arasında dostluq və anlaşmanın gücləndirilməsində yorulmadan çalışdığını qeyd edib.
2009-cu ildə Nəimi Əmiral Hərbi Dəniz Qüvvələrindən ehtiyata keçirilmiş və Norfolk şəhərində ixtisaslaşdığı iqtisadi sahədə təcrübə qazanmaq üçün kiçik biznes sahibi kimi fəaliyyət göstərmişdir.
Con Nəimi Əmiral ailəlidir, bir övladı var.