Accessibility links

ABŞ səfirliyi: Cənub Qaz Dəhlizi mühüm bir texnoloji və diplomatik nailiyyətdir


“Keçən həftə Prezident İlham Əliyev, energetika naziri Pərviz Şahbazov, Avropa Birliyi və digər 15 ölkənin nümayəndələri ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında iştirak etməkdən çox məmnunuq”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ABŞ-ı bu tədbirdə dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin səlahiyyətlərini icra edən Kört Donnelli və səfir Litzenberger təmsil edib.

“Cənub Qaz Dəhlizi mühüm bir texnoloji və diplomatik nailiyyətdir. Bu layihəni vaxtında və 7 milyard dollardan az büdcə ilə başa vurmasına görə dövlət strukturları ilə özəl şirkətlər arasındakı səmərəli əməkdaşlıqdan qürur duyuruq. Hal-hazırda biz Cənub Qaz Dəhlizi layihəsinin mövcud və yeni bazarlara çatdırılacaq yeni qaz mənbələri ilə genişləndirilməyini gözləyirik. Təbrik edirik!” - deyə, səfirliyin məlumatında bildirilir.

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

Məşvərət Şurasının toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin ABŞ, Albaniya, Birləşmiş Krallıq, Bolqarıstan, Bosniya və Herseqovina, Gürcüstan, Xorvatiya, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Türkiyə, Türkmənistan və Yunanıstandan yüksək səviyyəli nümayəndələri, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının, digər beynəlxalq maliyyə qurumlarının və 18 aparıcı şirkətin rəhbərləri iştirak edib.

Neft Araşdrımaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, iclasda Xəzər dənizində Azərbaycanın Şahdəniz 2 layihəsi üzrə qaz hasilatının başlanması, xarici bazarlara nəqlinin həyata keçirilməsi və İtaliyayadək infrastrukturun başa çatdlırılması məsələləri diqqət mərkəzində olub.

Şahdəniz 2 layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdırır.

“Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi Mərhələ 1-dən hasil olunan illik 10 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir. Şahdəniz qazı Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edir. Bu, hazırda dünyada ən iri layihələrdən biri və BP-nin ən iri layihəsidir,” BP şirkəti bildirir.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin hüquqi bazası 2012-ci ildə yaradılıb. Layihə üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə kəmərin inşaat işləri başlanıb.

Layihənin yekun investisiya qərarı veriləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilib. Lakin icra prosesində layihə 7 milyard dollardan aşağı xərclə tamamlanıb.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiyə” Enerji A.Ş (7%) şirkətləridir.

XS
SM
MD
LG