Accessibility links

ABŞ Səfirliyi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalır


ABŞ-ın Azərbaycandakı səfirliyi
ABŞ-ın Azərbaycandakı səfirliyi

ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinin son zamanlar Ermənistan-Azərbaycan münasibətlərində baş verən hərbi-siyasi ritorika ilə bağlı sorğusuna cavab verib.

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalır. Minsk Qrupunun həmsədrləri tərəfləri dəfələrlə gərginliyi azaltmaq üçün tədbirlər görməyə və konstruktiv danışıqlara şərait yaradan mühiti dəstəkləməyə çağırıb. Sizi Minsk Qrupunun həmsədrlərinin bu məsələyə aid açıqlamalarına, xüsusən də 9 mart 2019-cu il mətbuata olan açıqlamasına yönəldirik,” ABŞ Səfirliyinin Amerikanın Səsinin sorğusuna cavabında deyilir.

ABŞ Səfirliyi Amerikanın Səsinin sorğusunu cavablandırıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də ”Qarabağ Ermənistandır” deməsi Azərbaycan tərəfində kəskin reaksiya doğurub. Rəsmi Bakı Ermənistan baş nazirinin bu bəyanatını ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini və Azərbaycanla kompromisin mümkünlüyünü şübhə altına aldığını bildirib.

Ümumilikdə son aylarda cəbhə xəttində gərginliyin artması, - qarşılıqlı ittihamlar, hərbi təlimlərin sayının artması və atəşkəsin pozulması nəticəsində bir neçə hərbiçinin həlak olması ilə müşahidə edilir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

21 iyunda Vaşinqton şəhərində Azərbacyan və Ermənistan xarici işlər nazirləri ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşüblər.
21 iyunda Vaşinqton şəhərində Azərbacyan və Ermənistan xarici işlər nazirləri ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşüblər.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” həmsədlərin bəyanatında qeyd edilir.

XS
SM
MD
LG