Accessibility links

ABŞ rəsmiləri: İrandan neft idxal edən ölkələr alternativ yollar tapacaq


ABŞ rəsmiləri İrandan neft idxal edən ölkələrin alternativ yollar tapacağından əmin olduqlarını bildirib.

Onlar Çin kimi İranın böyük müştərilərinin neft ehtiyaclarını başqa mənbələrdən əldə etməli olduqlarını deyib.

Birləşmiş Ştatlar bazar ertəsi Tramp administrasiyasının İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərini ləğv etdiyini elan edib. Güzəştlərin müddəti gələn həftə başa çatır.

ABŞ bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran nefti bazardan tam yığışdırılarkən global tələbi qarşılamaq üçün lazımı addımlar atmaq barədə razılığa gəlib. Bununla onların neft istehsalını artıracaqları gözlənilir.

Ağ Ev bildirib ki, bu "qərar İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini kəsmək məqsədi daşıyır."

Türkiyə də ABŞ-ın addımını rədd edib. Xarici işlər naziri tvit edərək yazıb ki, “Amerikanın qərarı regional sülh və sabitliyə xidmət etməməklə yanaşı, İran xalqına da zədə yetirir. Türkiyə təktərəfli sanksiyaları və qonşuları ilə münasibətlərində necə davranacağına müdaxiləni qəbul etmir.”

Çin də eyni reaksiya ilə çıxış edib. Çinin xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Çin Amerikanın təktərəfli sanksiyaları və "uzunqollu" yurisdiksiyasını rədd edir.

Təhlilçilər isə xəbərdarlıq edir ki, neft qalmaqalı ABŞ-İran qarşıdurmasına səbəb olmaqla yanaşı, Çinlə ABŞ arasında ticarət danışıqlarının da dalana dirənməsinə yol aça bilər.

XS
SM
MD
LG