Accessibility links

ABŞ rəsmiləri: CIA Xaşuqcinin qətlinə vəliəhdin göstəriş verdiyinə dair nəticəyə gəlib


Məhəmməd bin Salman
Məhəmməd bin Salman

Washington Post qəzetinin cümə günü verdiyi məlumata görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) jurnalist Camal Xaşuqcinin İstanbulda öldürülməsinə Səudiyyə vəliəhdi şahzadə Məhəmməd bin Salmanın göstəriş verdiyinə dair nəticəyə gəlib. Bu, Səudiyyə hökümətinin onun qətlində əli olmadığına dair bəyanatlarına ziddir.

Washington Post bildirib ki, ABŞ rəsmilər CIA-in bu qiymətləndirməsinə etimad edir və bu, prezident Donald Trampın ABŞ-ın regiondakı ən yaxın müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanı ilə əlaqələrini qoruyub saxlamaq səylərini çətinləşdirəcək.

Camal Xaşuqci Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olarkən
Camal Xaşuqci Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olarkən

Reuters bu məlumatın doğruluğunu təsdiqləyə bilməsə də, ABŞ kəşfiyyatının dəyərləndirmələrinə bələd olan mənbə Reuters-a bildirib ki, ABŞ hökümətinin ekspertləri əminliklə Xaşuqcinin qətli ilə nəticələnən əməliyyata vəliəhdin göstəriş verdiyinə dair nəticəyə gəlib.

Ağ Ev Washington Post xəbərini şərh etməkdən imtina edib və bunun kəşfiyyat məsələsi olduğunu bildirib. Dövlət Departamenti də məsələ ilə bağlı şərh verməyib.

Washington Post qəzetinin köşə yazarı olan Xaşuqci oktyabrın 2-də türkiyəli qadınla evlənməsi üçün tələb olunan səndələri almaq məqsədilə Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olandan sonra öldürülüb.

Səudiyyə hökümətini tənqid edən Xaşuqci Ər-Riyadın onun geri dönməsinə dair təzyiqlərinə müqavimət göstərib. Səudiyyə rəsmiləri bildirib ki, 15 səudiyyəli Xaşuqcini geri gətirmək üçün konsulluğa göndərilib, amma daha sonra onlar qarşıdurma yaşayıb və nəticədə Xaşuqci boğularaq öldürülüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə rəsmiləri qətlin qabaqcadan planlaşdırıldığını bildirib və Xaşuqcinin ölümünə görə cavabdeh olanları məsuliyyətə cəlb etməsi üçün Səudiyyə Ərəbistanına təzyiq göstərib. Cümə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Səudiyyə Ərəbistanını qətli ört-basdır etməyə çalışmaqda ittiham edib.

Onun sözləri Səudiyyə Ərəbistanının baş prokuroru Xaşuqcinin ölümündə şübhəli bilinən beş şəxsin edam olunmasını tələb etdiyini deməsidnən sonraya təsadüf edib. Prokuror Şalaan Əl-Şalan müxbirlərə bildirib ki, Səudiyyə vəliəhdi Xaşuqcinin öldürülərək, cəsədinin hissələrə bölünüb, konsulluqdan çıxarıldığı əməliyyatdan xəbərdar olmayıb.

Washington Post məsələ ilə yaxından əlaqəsi olan insanlara istinadən bildirib ki, CIA bir sıra kəşfiyyat mənbələrini nəzərdən keçirəndən sonra bu nəticəyə gəlib. Buna şahzadənin qardaşı, Səudiyyənin ABŞ-dakı səfiri Xalid bin Salmanın Xaşuqci ilə telefon danışığı daxildir.

Qəzetdə deyilir ki, Xalid Xaşuqciyə sənədlərini almaq üçün Səudiyyənin İstanbuldakı konsulluğuna getməli olduğunu söyləyib və onu bunun təhlükəsiz olduğuna inandırıb.

Mən heç vaxt onunla telefonla danışmamışam və hər hansı səbəbdən Türkiyəyə getməsini təklif etməmişəm. Mən ABŞ hökümətini bu iddia ilə bağlı bütün məlumatları açıqlamağa çağırıram.
Xalid bin Salman

Qəzet telefon zəngindən xəbərdar olan insanlara istinadən yazıb ki, Xalidin Xaşuqcinin öldürüləcəyini bilib-bilmədiyi bəlli deyil, amma o, Xaşuqciyə qardaşının göstərişi ilə zəng edib.

Səfir Xalid bin Salman cümə günü Twitter hesabında bildirib ki, o, son dəfə Xaşuqci ilə onun ölümündən təxminən bir il öncə, 2017-ci ilin oktyabrın 26-da mesajla əlaqə saxlayıb.

"Mən heç vaxt onunla telefonla danışmamışam və hər hansı səbəbdən Türkiyəyə getməsini təklif etməmişəm. Mən ABŞ hökümətini bu iddia ilə bağlı bütün məlumatları açıqlamağa çağırıram" - deyə o, Twitter mesajında bildirib.

XS
SM
MD
LG